AZ

Məhərrəmlik ayında məscidin qarşısında qohumlarını döyən qardaşlardan biri amnistiyaya düşdü

 

 

 

 

 

 

 

 

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada, xuliqanlıqda təqsirləndirilən Mirqafar Əsədov və onun qardaşı, xuliqanlıqda ittiham olunan Mirmahmud Əsədovun (ad, soyadları şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Şirvan Apellyasiya Məhkəməsinin hökmü Mirqafar Əsədova aid olan hissədə dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunub və qərarın 3.1-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılıb. Mirqafar Əsədovun üzərində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

 

İttihama görə, hadisə 23 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Saatlı rayonu Seyidlər kəndində məscidin qarşısında qeydə alınıb.

 

Belə ki, Mirqafar Əsədov və onun qardaşı Mirmahmud Əsədov məhərrəmlik ayı ilə bağlı məsciddə keçirilən məclisdə iştirak edib. Sonra qardaşlar həyətə çıxıb və bacısının qaynı, zərərçəkmiş Hafiz Nəbiyevi də tanışları vasitəsi ilə çölə çağırıblar. Buna səbəb zərərçəkmişin bacısının ailə həyatına müdaxilə etməsi olub. Hafiz məscidin həyətindən küçəyə çağırıb. Bu zaman qardaşlar qəsdən yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endiriblər.

 

Hadisən sonra hər iki şəxs saxlanılıb və cinayət məsuliyyətinə cəlb ediliblər.

 

Saatlı Rayon Məhkəməsinin hökmü ilə Mirqafar Əsədov Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric olunub. Mirmahmud Əsədovun isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası adından təqsirsiz elan edilib və ona bəraət verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Saatlı Rayon Məhkəməsinin hökmü ləğv edilib, Mirmahmud Əsədov 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, Mirqafar Əsədov isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

 

Kamal Məmmədov

Tarix: 12 Mart 2026, 09:13   
Seçilən
52
pravda.az

1Mənbələr