AZ

ABŞ 16 ticarət tərəfdaşına qarşı araşdırma başladıb

Vaşinqton “ədalətsiz ticarət praktikası” iddiaları ilə bir sıra ölkələrə qarşı tariflərin bərpasını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası ölkənin 16 əsas ticarət tərəfdaşına qarşı “ədalətsiz ticarət praktikası” ilə bağlı rəsmi araşdırmaya başladığını elan edib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, Vaşinqton bu addım vasitəsilə ABŞ Ali Məhkəməsinin ləğv etdiyi bəzi gömrük rüsumlarının yenidən tətbiqinə hüquqi əsas yaratmağa çalışır.

Araşdırma Avropa İttifaqı, Çin, Meksika, Vyetnam, Tayvan, Tailand, Yaponiya, Hindistan, Cənubi Koreya, İsveçrə, Malayziya, İndoneziya, Kamboca, Banqladeş, Norveç və Sinqapur daxil olmaqla 16 ticarət tərəfdaşını əhatə edir. ABŞ administrasiyası iddia edir ki, bu ölkələrin həyata keçirdiyi ticarət siyasəti və müəyyən iqtisadi tədbirlər Amerika istehsalçılarını rəqabət baxımından əlverişsiz vəziyyətə salır.

Rəsmi Vaşinqtonun açıqlamasına görə, adı çəkilən ölkələrin demək olar ki, hamısının ABŞ ilə ticarətdə əhəmiyyətli müsbət saldo, yəni ticarət profisiti var. Bu isə ABŞ şirkətlərinin beynəlxalq bazarlarda və daxili iqtisadiyyatda rəqabət imkanlarına mənfi təsir göstərdiyi iddia olunur.

Araşdırmanın başlanmasına hüquqi əsas kimi ABŞ-nin 1974-cü il tarixli “Ticarət haqqında qanun”unun 301-ci bölməsi göstərilir. Həmin bölmə ABŞ Ticarət Nümayəndəsinə ABŞ iqtisadi maraqlarına zidd hesab edilən və ya “ədalətsiz ticarət praktikası” kimi qiymətləndirilən hallara qarşı gömrük tarifləri, məhdudiyyətlər və digər iqtisadi tədbirlər tətbiq etmək səlahiyyəti verir.

Analitiklər hesab edir ki, bu araşdırma ABŞ ilə bir sıra böyük iqtisadiyyatlar arasında yeni ticarət gərginliyi yarada bilər. Xüsusilə Çin və Avropa İttifaqı kimi böyük ticarət tərəfdaşlarına qarşı mümkün tariflərin tətbiqi qlobal ticarət münasibətlərinə və beynəlxalq bazarlara ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr