AZ

Tramp İsrail prezidentini Netanyahu ilə bağlı mövqeyinə görə “aciz adam” adlandırıb

ABŞ prezidenti İsrail prezidentini baş nazir Benyamin Netanyahunun mümkün əfv məsələsinə yanaşmasına görə sərt şəkildə tənqid edib...

ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsxak Hersoqu baş nazir Benyamin Netanyahunun mümkün əfv olunması məsələsi ilə bağlı mövqeyinə görə sərt ifadələrlə tənqid edib.

Poliqon xəbər verir ki, bu barədə Tramp Axios portalına müsahibəsində danışıb.

Tramp İsrail prezidentinin bu məsələ ilə bağlı hüquqi rəy gözləməsinin zəruri olmadığını bildirib və onun mövqeyini tənqid edib. ABŞ prezidenti qeyd edib ki, Netanyahu hazırda diqqətini hüquqi mübahisələrə deyil, regiondakı hərbi vəziyyətə yönəltməlidir.

“Onun heç bir hüquqi rəyə ehtiyacı yoxdur. O, boş danışır. O, zəif və aciz insandır. Mən istəyirəm ki, Bibi müharibəyə fokuslansın, bu cür mənasız məsələlərə yox”, deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, martın 10-da Netanyahu ilə telefon danışığı aparıb və söhbət zamanı ABŞ və İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi əməliyyatın gedişini müzakirə ediblər.

Xatırladaq ki, ötən həftə İsrail prezidenti İsxak Hersoq Fox News telekanalına müsahibəsində Netanyahunun əfv edilməsi məsələsinin hazırda gündəmdə olmadığını bildirib. Onun sözlərinə görə, İranla bağlı münaqişə fonunda belə bir qərarın müzakirəsi məqsədəuyğun deyil və hər hansı addım atılmazdan əvvəl müvafiq hüquqi orqanların rəyini gözləmək lazımdır.

Netanyahunun məhkəmə prosesi İsraildə uzun müddətdir siyasi müzakirə mövzusu olaraq qalır. ABŞ prezidenti Donald Tramp isə daha əvvəl də bu məsələ ilə bağlı açıq mövqe bildirib.

Belə ki, 2025-ci ilin iyun ayında Tramp İsraildə Netanyahunun barəsində aparılan məhkəmə araşdırmasının dayandırılmasına çağırmış və prosesi “ədalətin parodiyası” adlandırmışdı. Oktyabrın 13-də isə Knessetdə çıxışı zamanı İsrail prezidentinə baş naziri əfv etməyi tövsiyə etmişdi.

Daha sonra 12 noyabr tarixində İsrailin Kan dövlət teleradio şirkəti Hersoqun Trampın bu təklifi ilə bağlı rəsmi məktub aldığını bildirmişdi. 30 noyabrda isə Benyamin Netanyahu vəkili vasitəsilə İsrail prezidentinə rəsmi əfv müraciəti göndərib.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr