BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində Serbiyanın təşəbbüsü, Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə "Qadınların əhəmiyyətli rolu: Gücləndirilmə üçün ittifaqlar" mövzusunda yan tədbir keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə qadınların səlahiyyətlərinin artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda qadın hüquqlarının qorunması və ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Komitə sədri həyata keçirilən dövlət proqramlarının qadınların liderlik bacarıqlarının inkişafına, iqtisadi imkanlarının genişləndirilməsinə və qərarvermə proseslərində iştirakının artırılmasına töhfə verdiyini deyib, müsbət statistik göstəriciləri diqqətə çatdırıb.
B.Muradova çıxışında qadınların səlahiyyətləndirilməsinin ailənin güclənməsi, cəmiyyətin sabitliyi, eləcə də dövlətlərin dayanıqlı inkişafı üçün vacib olduğunu bildirərək, bir sıra təkliflər səsləndirib.