AZ

Türkiyə və Azərbaycanı İranla müharibəyə çəkmək istəyənlər kimdir?...



Rəşad Bayramov: “Baş verən hadisələri tək bir səbəblə izah etmək mümkün deyil”

Çox qəribə vəziyyət yaranıb. Azərbaycan və Türkiyə prezidentləri İran prezidenti Məsud Pezeşkianla telefonla danışırlar, ölənlərə başsağlığı verirlər, seçilən yeni dini lideri təbrik edirlər. Bütün bunlardan bir-iki saat sonra isə İran ərazisindən qonşu ölkələrə yenə dron atılır. Söhbət bu danışıqlardan sonra İranın Türkiyəyə atdığı raketdən gedir. Azərbaycan və Türkiyə müharibənin əleyhinədirlər, danışıqlara üstünlük verir və İranın ərazi bütövlüyünü dəstəkləyirlər.

Görünən odur ki, hansısa qüvvələr İranı Azərbaycanla və Türkiyə ilə müharibəyə, toqquşmaya çəkmək istəyir. Maraqlıdır, Türkiyə və Azərbaycanı İranla müharibəyə çəkməkdə hansı beynəlxalq qüvvələr maraqlı ola bilər?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov buna bir neçə prizmadan yanaşdı: “Həqiqətən də vəziyyət geosiyasi baxımdan mürəkkəb və paradoksal görünür. Azərbaycan və Türkiyə liderlərinin İran prezidenti ilə telefon danışığı aparması, həyatını itirənlərlə bağlı başsağlığı verməsi və yeni dini liderlə bağlı təbrik mesajları göndərməsi diplomatik baxımdan normal və müsbət addım kimi qiymətləndirilməlidir. Lakin bundan qısa müddət sonra İran ərazisindən qonşu ölkələr istiqamətində dron və raket hücumları həyata keçirilməsi təbii olaraq suallar doğurur. Bu vəziyyət regionda real qərarların harada və kim tərəfindən verildiyi barədə düşünməyə vadar edir. Baş verənləri bir neçə aspektdən izah etmək olar. Birinci və ən çox müzakirə olunan ehtimallardan biri İran daxilində müxtəlif güc mərkəzlərinin mövcudluğudur. İranda prezident institutu mövcud olsa da, təhlükəsizlik və hərbi sahədə qərarların böyük hissəsi digər institutların – xüsusilə təhlükəsizlik strukturlarının və dini rəhbərliyin təsiri altında formalaşır. Bu səbəbdən bəzən rəsmi diplomatik mesajlarla təhlükəsizlik strukturlarının fəaliyyəti arasında müəyyən ziddiyyətlər yaranır. Nəticədə dövlətin bir qanadı regionda gərginliyi azaltmağa çalışdığı halda, digər strukturlar daha sərt xətt yürüdə bilər. Elə Pezeşkianın bir neçə gün əvvəl qonşu ölkələrin hədəf alınması ilə bağlı verdiyi açıqlaması da bunu sübut edir. Pezeşkian həmin çıxışında qonşu ölkələrdən üzr istəyərək hərbi strukturların müstəqil hərəkət etdiklərini demişdi”.

R.Bayramovun fikrincə, digər ehtimal İran daxilində ideoloji və geosiyasi baxışların fərqli olması ilə bağlıdır: “İran çoxmillətli dövlətdir və ölkə daxilində müxtəlif siyasi yanaşmalar mövcuddur. Bəzi siyasi və ideoloji dairələr regionda Türkiyə və Azərbaycanın artan təsirini ehtiyatla qarşılayır və bunu strateji balans üçün risk hesab edə bilər. Digər tərəfdən isə praqmatik mövqedə olan qüvvələr hesab edir ki, Ankara və Bakı ilə əməkdaşlıq regionda sabitlik və iqtisadi əməkdaşlıq üçün vacibdir. Bu fərqli yanaşmalar bəzən dövlət siyasətində ziddiyyətli addımların meydana çıxmasına səbəb olur. Digər bir tərəfdən, hərbi addımların məqsədli mesaj xarakteri daşıması ehtimalı da kifayət qədər yüksəkdir. Bəzi dövlətlər diplomatik addımları, yəni təmasları, telefon danışıqlarını davam etdirərkən paralel olaraq hərbi güc nümayiş etdirmə taktikasından da istifadə edirlər. Bu, həm daxili auditoriyaya güc nümayişi, həm də regional aktorlara xəbərdarlıq mesajı kimi qiymətləndirilə bilər. İrandan atılmış raket və dronlarla Türkiyənin və Türk dünyasının qapısı hesab olunan Naxçıvanın hədəf alınması bu zərbələrin Türk dünyasına yönəlik mesaj kimi qəbul olunmasına imkan verir. Bütün bu amillər göstərir ki, regionda baş verən hadisələri tək bir səbəblə izah etmək mümkün deyil. Əksər hallarda belə situasiyalar daxili siyasi dinamika, regional geosiyasi rəqabət və təhlükəsizlik strategiyalarının kəsişməsi nəticəsində formalaşır. Azərbaycan və Türkiyənin müharibədən daha çox dialoqa üstünlük verməsi isə regionda gərginliyin daha geniş münaqişəyə çevrilməsinin qarşısını alan mühüm amillərdən biri kimi qiymətləndirilməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
57
baki-xeber.com

1Mənbələr