Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri göstərir ki, bu gün ölkəmiz Avropa məkanında çox önəmli geosiyasi oyunçudur və Cənubi Qafqazda etibarlı və dayanıqlı sülhün qorunması mühüm əhəmiyyət kəsb edir.
Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti ilə görüşünü şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, bununla yanaşı, cənub qonşumuzda baş verənlərin də səfərin reallaşmasında rolunu istisna etməyib: “İrana qarşı müharibə regionda təhlükəsizlik risklərini artırır. Eyni zamanda, enerji daşıyıcılarına dünya bazarında tələbatın artması, qiymətlərin dalğalanması da yeni reallıqlar yaradır”.
İ.Hüseynov qeyd edib ki, Azərbaycan Avropaya karbohidrogen ehtiyatlarının ixracını həyata keçirir və bu baxımdan Avropanın Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı olması başadüşüləndir: “Bu vəziyyətin yaranması da onu göstərir ki, Azərbaycan Brüssel üçün çox etibarlı enerji təchizatçısıdır və bu münasibətlərin artan temp üzrə inkişafı gözlənilir”.
Ekspert digər amilə də diqqət çəkib: “Ölkəmizdə Avropa Siyasi İcmasının (EPC) Sammitinin keçirilməsi də Azərbaycan-Aİ münasibətlərinin inkişafı üçün zəmin formalaşdırır”.
Elşad,
Musavat.com