Makron: Hamımız eyni qlobal iqtisadi nəticələrlə üzləşirik
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ və İsrailin İrana hücumu ilə başlayan Yaxın Şərqdəki münaqişələr hər kəs üçün eyni qlobal iqtisadi nəticələrə səbəb olur.
Makron, G7 ölkələri və hökumət liderlərinin qatıldığı Yaxın Şərqdəki münaqişələrin iqtisadi nəticələrinə həsr olunmuş video konfransın açılışında çıxış etdi.
İranın nüvə və ballistik raket proqramlarına son qoymaq üçün əməliyyatın 11-ci gününə qədəm qoyduğunu xatırladan Makron dedi: "Hamımız eyni qlobal iqtisadi nəticələrlə üzləşirik".
Makron konfransın üç əsas məqama diqqət yetirəcəyini bildirdi: birincisi, davam edən hücumlar və ərazidəki son vəziyyət, eləcə də atılacaq addımlar müzakirə olunacaq.
İkincisi, Hörmüz boğazı, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında naviqasiya azadlığının yenidən təmin edilməsi üzrə koordinasiya məsələlərini müzakirə edəcəklər. Üçüncüsü, iqtisadi əməkdaşlıq gündəmdə olacaq.
Makron qeyd etdi ki, Beynəlxalq Enerji Agentliyi (BEA) bazara təxminən 20 gün ərzində Hörmüz boğazından ixrac edilən miqdara bərabər olan 400 milyon barel neft buraxmağa razılıq verib. O, neft və təbii qaz bazarlarında daha da dəyişkənlik yarada biləcək potensial ixrac məhdudiyyətlərinin qarşısını almaq üçün üçüncü tərəflərlə əməkdaşlığın vacibliyini vurğuladı.
BEA-nın baş direktoru Fatih Birol əvvəllər 400 milyon barel neftin buraxılacağını elan etmişdi. Birol, BEA-nın əvvəllər enerji təhlükəsizliyində ciddi pozuntular baş verdikdə neft bazarlarında beş dəfə əlaqələndirilmiş tədbirlər gördüyünü xatırladaraq bunları bildirdi:
"Bu kontekstdə, BEA üzv dövlətləri ilə müzakirələrimizin bir hissəsi olaraq, BEA ölkələri qurumun tarixində ən böyük miqdarda təcili neft ehtiyatının buraxılması barədə yekdilliklə razılığa gəldiklərini elan edə bilərəm. BEA ölkələri Hörmüz boğazının faktiki bağlanması səbəbindən itirilən tədarükü kompensasiya etmək üçün 400 milyon barel neft buraxacaqlar. Bu, bazar pozuntularının dərhal təsirlərini azaltmağa yönəlmiş əhəmiyyətli bir tədbirdir. Bununla belə, açıq şəkildə bildirməliyəm ki, neft və qaz axınlarının sabitləşdirilməsi üçün ən vacib inkişaf Hörmüz boğazından tranzitin bərpasıdır. BEA bazarlardakı vəziyyəti fəal şəkildə izləməyə davam edəcək və lazım gələrsə, üzv dövlətlərimizə əlavə tövsiyələr verəcək."
aia.az
Tərcümə şöbəsi