Avropa İttifaqı (Aİ) Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir.
Bunu Aİ Şurasının Prezidenti Antonio Koşta Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyiş yüksək qiymətə layiqdir:
“Ermənistanla sülh prosesində irəliləyiş tarixi əhəmiyyət daşıyır. Vaşinqton razılaşmaları sizin dialoqa və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı sülh prosesini, eləcə də razılaşmaların həyata keçirilməsini tam şəkildə dəstəkləyir. Biz başa düşürük ki, əsl sülh yalnız kağız üzərindəki siyasi razılaşmalar əsasında deyil, həm də iqtisadi əlaqələr, ticarət və birgə rifah vasitəsilə qurulur”.
A.Koştanın sözlərinə görə, Cənubi Qafqazda sülh, həmçinin hər iki ölkənin xalqlarının rifahına müsbət təsir göstərir.
O, həmçinin Azərbaycanın regional gündəlikdə artan rolunu məmnuniyyətlə qeyd edib:
“İqtisadi qarşılıqlı asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə gedən etibarlı yoldur və Avropa İttifaqı hər kəsin xeyrinə bu imkanların açılmasına kömək etməyə hazırdır”.