İranın cavab zərbələri nəticəsində Yaxın Şərqdə ABŞ-yə məxsus azı 17 hərbi obyekt zərər görüb.
NOCOMMENT.az xəbər verir ki, “The New York Times” qəzeti bu nəticəyə peyk görüntülərinin təhlili, sosial şəbəkələrdə yayılan videolar, amerikalı rəsmilərin açıqlamaları və İran dövlət mediasının məlumatlarını araşdırdıqdan sonra gəlib.
Məlumata görə, İran minlərlə raket və pilotsuz uçuş aparatı buraxıb. ABŞ rəsmiləri onların böyük hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirsələr də, hücumlar nəticəsində regiondakı ABŞ hərbi bazaları və obyektlərinin demək olar ki, yarısına müəyyən dərəcədə ziyan dəyib.
Bildirilir ki, hücumlara məruz qalan obyektlər arasında Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ hərbi bazaları da var.
Nəşr qeyd edir ki, hücumlar zamanı ən bahalı itkilərdən biri ABŞ-ın raketdən müdafiə sistemlərinə dəyib. Xüsusilə THAAD raketdən müdafiə sisteminə məxsus radarların zədələndiyi bildirilir. Bu sistemlər ballistik raketlərin aşkarlanması və məhv edilməsi üçün istifadə olunan ən müasir müdafiə texnologiyalarından biri hesab olunur.
Ekspertlərin fikrincə, ABŞ-nin regiondakı hərbi infrastrukturu qismən zərər görsə də, bu hadisə Yaxın Şərqdə hərbi balans və təhlükəsizlik vəziyyəti ilə bağlı yeni müzakirələrin başlanmasına səbəb ola bilər.
Sara
NOCOMMENT.az