AZ

Azərbaycana qarşı qərəzli hesabat niyə hazırlanıb?

Medianın İnkişafı Agentliyi (MEDİA) Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatında Azərbaycanla bağlı yer alan bəzi fikirlərin qərəzli və spekulyativ xarakter daşıdığını bildirib.

Agentliyin yaydığı bəyanatda qeyd olunub ki, məlum hesabatda xüsusilə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa 2025-ci ildə edilən dəyişikliklərlə bağlı irəli sürülən yanaşmalar reallığı əks etdirmir və birtərəfli mülahizələrə əsaslanır.

Bəs beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarında bəzən tənqidi mövqenin üstünlük təşkil etməsi hansı amillərlə bağlıdır?

"Cebheinfo.az"-a açıqlamasında Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərli, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının (AŞJMTTP) fəaliyyətini tənqid edib.

O bildirib ki, mediaya aidiyyəti üzrə beynəlxalq təşkilatların, qlobal platformaların birbaşa missiyasıdır ki, peşəkar media mühitini təhdid edən problemlərin həlli üçün səmərəli təkliflər versinlər və onların həllinə nail olsunlar:

"Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması (AŞJMTTP) da bu məqsədlə yaradılıb.

O, öz tərkibində 10-a yaxın beynəlxalq təşkilatı birləşdirir. Bu 10 təşkilatın fəaliyyətinin AŞJMTTP tərkibində koordinasiya edilməsində məqsəd odur ki, güclərini birləşdirsinlər, qlobal təhdidlərə qarşı çıxış edə bilsinlər.

Təəssüf ki, biz bu sahədə heç bir ciddi fəaliyyət və nailiyyət görmürük. Beynəlxalq jurnalist təşkilatları sanki şikəst ediliblər, heç bir funksiyalarını icra edə bilmirlər. 

Medianın qlobal risklərdən qorumaq üçün nə səmərəli təklifləri var, nə də effektiv addımları. Onlar ildə bir dəfə bəyanat və ya hesabat verməklə gündəmə gəlirlər. Yaşadıqlarını, fəaliyyət göstərməkdə davam etdiklərini sərgiləmək istəyirlər".   

Müşfiq Ələsgərli qeyd edib ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platformasının Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatı da bu streotipin davamıdır:

"Hesabatda heç bir yenilik yoxdur. 5 il, 10 il öncə hazırlanmış hesabatların mətni üzərində simvolik korrektələr ediblər, indi yenidən yayıblar. Həmin hesabat nəinki köhnə tezislərdən və tendensiyalardan ibarətdir, həm də qərəzlidir, qeyri-obyektivdir.

Çox aydın şəkildə görünür ki, bu hesabat real arqumentlər əsasında deyil, qondarma faktlara istinadən hazırlanıb. Avropa Şurasının siyasi konyekturasını ehtiva edir. Avropa Şurasının Azərbaycanla mübahisəsi var.

Bu mübahisəni ölkəmizə ləkə atmaqla, qisas almaqla həll etmək istəyir. Platformanın yaydığı hesabatda bu tendensiya çox aydın şəkildə görünür. Amma unutmasınlar ki, Azərbaycana təzyiq göstərməklə nəsə qazanmaq taktikası heç zaman effekt verməyib".

Seçilən
31
2
cebheinfo.az

3Mənbələr