Bakı, 11 mart, AZƏRTAC
Yaxın Şərqdə baş verən son proseslərə geniş kontekstdə baxdıqda görmək olar ki, yeni dünya nizamının əsas strateji rəqabət xətti ABŞ ilə Çin arasında formalaşır. Çin son illərdə sürətlə inkişaf edən sənaye potensialı, elmi-texnoloji nailiyyətləri və artan istehsal gücü ilə qlobal iqtisadi sistemdə mühüm mövqeyə yüksəlib. Bu isə Çinin istehsal etdiyi məhsulların dünya bazarlarına təhlükəsiz və sürətli marşrutlarla çatdırılmasını strateji məsələyə çevirir. Bu baxımdan qlobal ticarət yolları, logistika marşrutları və nəqliyyat dəhlizləri üzərində rəqabət getdikcə daha da güclənir.
Bunu AZƏRTAC-a açıqlamasında Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib.
Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə Orta Dəhliz həm təhlükəsizlik, həm məsafə, həm də iqtisadi rentabellik baxımından ən əlverişli marşrutlardan biri kimi ön plana çıxır.
“Bu dəhlizin əsas sütunlarından biri isə Azərbaycanın və Türkiyənin yerləşdiyi strateji coğrafiyadır. Azərbaycanın iştirakı olmadan bu marşrutun tam funksional olması mümkün deyil. Bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi diqqət çəkir. Bu layihə yalnız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa əlaqəsinin bərpası baxımından deyil, həm də daha geniş geoiqtisadi məna daşıyır. Zəngəzur dəhlizi, eyni zamanda, Avropa ilə Çin arasında ticarət əlaqələrinin genişlənməsi, Türk dünyası ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsi və Avrasiya məkanında yeni logistika xəttinin formalaşması baxımından strateji layihədir. Bu dəhliz geniş coğrafiyaları birləşdirən mühüm ticarət arteriyasına çevrilə bilər”, - deyə Telman Nüsrətoğlu vurğulayıb.
Onun fikrincə, Azərbaycan regionda sabitliyin və əməkdaşlığın təmin olunması məqsədilə müharibədən sonra “3+3” regional əməkdaşlıq platformasını irəli sürməklə uzaqgörən və praqmatik siyasət nümayiş etdirib: “Bu təşəbbüs region ölkələrinin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın – öz problemlərini kənar müdaxilələr olmadan dialoq yolu ilə həll etməsini nəzərdə tuturdu. Bu yanaşma regionda sabitliyin qorunması baxımından olduqca mühüm idi. İran müəyyən dövrlərdə Zəngəzur dəhlizinin açılması məsələsinə ehtiyatlı yanaşsa da, hazırkı geosiyasi dəyişikliklər və regionda baş verən proseslər bu ölkənin də yeni iqtisadi əməkdaşlıq formatlarına daha çox ehtiyac duyduğunu göstərir. İranın qarşılaşdığı iqtisadi çətinliklər və beynəlxalq sanksiyalar fonunda Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi Tehran üçün yeni imkanlar yarada bilər. Bu baxımdan Zəngəzur dəhlizinin açılması yalnız region ölkələri üçün deyil, həm də İranın Avrasiya iqtisadi məkanına inteqrasiyası baxımından faydalı ola bilər”.
Mərkəz sədri vurğulayıb ki, hazırda dünya siyasətində böyük güclər arasında rəqabətin mühüm istiqamətlərindən biri də məhz ticarət yolları və nəqliyyat dəhlizləri üzərində nəzarət uğrunda gedən mübarizədir. Azərbaycan isə bu prosesdə qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı iqtisadi maraqlar əsasında siyasət yürüdür.
“Azərbaycanın xarici siyasət fəlsəfəsi konfrontasiya deyil, əməkdaşlıq prinsiplərinə əsaslanır. Açıq ticarət yolları və qarşılıqlı iqtisadi fayda regionda sabitliyi və inkişafı gücləndirən əsas amillərdəndir. Yeni geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artacaq və bu marşrut Avrasiyanın əsas nəqliyyat arteriyalarından birinə çevrilə bilər”, – deyə Telman Nüsrətoğlu bildirib.