“Vərəm xəstəliyinin erkən mərhələdə müəyyən edilməsi üçün skrininq testləri mühüm əhəmiyyət daşıyır.
Bu testlər xəstəliyin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına kömək edir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.
O qeyd edib ki, Diaskin test isə birbaşa vərəm xəstəliyini deyil, vərəm infeksiyasına yoluxmanı aşkar etməyə xidmət edən skrininq üsuludur:
“Bu test əsasən profilaktik məqsədlə istifadə olunur və daha çox uşaqlar arasında tətbiq edilir. Skrininqin əsas məqsədi xəstəliyin klinik əlamətləri ortaya çıxmamışdan əvvəl infeksiyanın olub-olmadığını müəyyən etməkdir. Bu üsul sayəsində vərəm xəstəliyi ilə təmasda olmuş şəxsləri erkən mərhələdə aşkar etmək mümkün olur”.
Həkim vurğulayıb ki, Diaskin testin nəticəsi müsbət olduqda, bu, həmin şəxsin mütləq vərəm xəstəsi olduğu anlamına gəlmir:
“Belə hallarda əlavə tibbi müayinələr aparılır və xəstəliyin olub-olmadığı dəqiqləşdirilir. Əgər aparılan müayinələr nəticəsində aktiv vərəm xəstəliyi təsdiqlənməzsə, həmin şəxslərə profilaktik tədbirlər görülür və zəruri hallarda profilaktik müalicə təyin olunur”.