AZ

Tətilə gedənlərin nəzərinə - Bayram günlərində hava necə olacaq?

Novruz bayramı ərəfəsində ölkədə 11 gün ardıcıl tətil olacaq. Vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də bayram günlərində havanın necə keçəcəyidir.

Ekoloq alim Sadiq Həsənov “Yeni Sabah”a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində bu yaz temperatur çox yüksək olmayacaq və qışa bənzər hava gözlənilir:

“Milli Hidrometeorologiya Xidməti bayram günlərində havanın necə keçəcəyi ilə bağlı proqnoz verib. Bildirilib ki, hava çox isti olmayacaq, temperatur təxminən, 2-7 dərəcə arasında dəyişəcək. Bu, fevral ayının tipik temperaturuna yaxın bir göstəricidir.

Mart ayının temperaturuna baxsaq, bu ay üçün orta temperatur 5-15 dərəcə təşkil edir. İqlim dəyişiklikləri səbəbindən ayların tipik temperatur göstəriciləri də əvvəlki kimi deyil. Fevral ayının bəzi günləri soyuq, bəzi günləri isə isti keçdiyindən, mart və aprel aylarında havanın nisbətən soyuq keçməsi gözlənilir

Onun fikrincə, martın sonu, aprel ayının ortalarına qədər Şərqi Avropa üzərindən Azərbaycana daxil olan soyuq hava kütlələri havanı soyuda bilər:

“Bu kütlələr həmin dövrdə aktiv olurlar. Lakin bu soyuq hava kütlələrinin tam təsirini Afrika və digər isti hava kütlələri balanslaşdırır. Buna görə də, havanın tamamilə soyuması mümkün olmur. Proqnoza görə, bayram günlərində temperatur qismən aşağı olacaq”.

Milli Hidrometeorologiya Xidmətinin mart ayı üzrə proqnozunu xatırladan Sadiq Həsənov söyləyib ki, temperatur 2-10 dərəcə arasında dəyişəcək:

“Bunun bir sıra fəsadları ola bilər, çünki mart ayı artıq vegetasiya (cücərmə) dövrüdür. Bitkilər və torpaq oyanır, bitkilər inkişaf mərhələsinə başlayır. Havanın sərt keçməsi onların inkişafını ləngidə bilər. Sonradan havanın normallaşması itirilmiş günəş enerjisini tam bərpa edə bilməyəcək. Ümid edirik ki, hava tam soyuq olmayacaq və vegetasiya dövrü ciddi təsirlənməyəcək”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
89
yenisabah.az

1Mənbələr