Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi son imtahanda yer alan suallardan birinin Türkiyədə keçirilən YÖS imtahanındakı sualla eynilik təşkil etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu hal bir sıra istifadəçilər tərəfindən tənqid olunaraq imtahan prosesinin şəffaflığı və sualların hazırlanma mexanizmi ilə bağlı suallar doğurub.
DİM-in imtahan suallarının hazırlanması prosesində beynəlxalq mənbələrdən istifadə edilməsi nə dərəcədə doğrudur və bu hal imtahanın obyektivliyinə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib:

“İmtahan suallarının başqa ölkələrdə keçirilən imtahanlarla müəyyən oxşarlıq təşkil etməsi bəzən mümkündür. Çünki qiymətləndirmə sahəsində istifadə olunan məntiq və tapşırıq modelləri bir çox ölkədə oxşar prinsiplərə əsaslanır. Türkiyədə keçirilən YÖS imtahanı da əsasən məntiqi düşünmə və analitik bacarıqları ölçən suallardan ibarətdir və bu baxımdan müəyyən bənzərliklərin olması tam istisna deyil”.
“Amma burada əsas məsələ başqa bir məqamdır. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlar konkret olaraq məktəb proqramına və təsdiq olunmuş kurikuluma əsaslanmalıdır. Əgər hansısa sualın başqa bir ölkənin imtahanında istifadə olunan sualla eyni və ya çox oxşar olduğu iddia edilirsə, bu zaman həmin tapşırığın bizim tədris proqramına nə dərəcədə uyğun olduğu məsələsi ciddi şəkildə izah edilməlidir”, — deyə ekspert qeyd edib.
“Çünki şagird imtahana hazırlaşarkən əsasən məktəb proqramına və DİM-in təqdim etdiyi model tapşırıqlara əsaslanır.
Valideyn və şagirdlərin narazılığı da məhz bu gözləntidən yaranır. Onlar hesab edir ki, imtahan sualları əvvəlcədən müəyyən edilmiş proqram və çərçivədən kənara çıxmamalıdır. Əgər cəmiyyətdə belə suallar yaranıbsa, düşünürəm ki, məsələ ilə bağlı rəsmi qurumun daha detallı açıqlama verməsi vacibdir”, —deyə Əmrah Həsənli əlavə edib.
“Bu, həm ictimai müzakirələrə aydınlıq gətirər, həm də imtahan prosesinə olan etimadı qorumağa kömək edər.
Ümumilikdə isə imtahan sistemi daim təkmilləşdirilməli olan bir sahədir. Şagirdlərin real bilik və bacarıqlarını ölçən, proqramla uyğun və eyni zamanda şəffaf qiymətləndirmə mexanizmi formalaşdırmaq həm cəmiyyətin, həm də təhsil sisteminin əsas gözləntilərindən biridir”, — deyə ekspert vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az