Bakı, 11 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi və 13 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərracda “Yevlax Yük Avtonəqliyyat” və “Ucar İnşaat Xidmət” ASC-lərin səhm paketləri özəlləşdirilib.
Rəqabətli keçən hərracda start qiyməti 7 min manat olan “KAMAZ 4326” markalı yük avtomobili 19 min 900 manata, 7 min 500 manat olan “Iveco” markalı mikroavtobus isə 17 min 600 manata satılıb.
Qeyd edək ki, martın 17-də keçiriləcək növbəti hərraca 44 nəqliyyat vasitəsi çıxarılıb.