İmtahana niyə salfet buraxılmır?
Hər il qəbul və buraxılış imtahanlarından sonra sosial şəbəkələrdə imtahan iştirakçılarından götürülən müxtəlif əşyaların fotoları paylaşılır. Həmin görüntülərdə ən çox diqqət çəkən məqamlardan biri abituriyentlərin üzərindən salfet və dərman vasitələrinin götürülməsidir. Bu məsələ istifadəçilər arasında müzakirələrə səbəb olur, bir çoxları belə əşyaların qadağan edilməsinə etiraz edir. Bəs imtahan zamanı abituriyentlərin üzərindən bəzi əşyaların, xüsusilə salfet və dərman vasitələrinin götürülməsi və onların imtahan zalına keçirilməsinə icazə verilməməsinin səbəbi nədir? Təhsil eksperti Elmin Nuri Metbuat.az-a açıqlamasında bildirib ki, abituriyentlər üçün hazırlanan yaddaş kitabçasında, həmçinin buraxılış vərəqəsində imtahan zalına aparıla biləcək əşyaların konkret siyahısı göstərilib. Diyircəkli və mürəkkəb buraxmayan qələm, sadə karandaş, smart olmayan sadə qol saatı, şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsi. Bunlardan başqa qalan əşyaların abituriyentdən alınması, mövcud qaydalara görə normaldır: “İllər ərzində bəzi abituriyentlər qaydaları müxtəlif üsullarla pozmağa çalışıblar. Məsələn, bir paketdə 10-15 ədəd salfet olur. Buna görə də şəffaflığı təmin etmək üçün həmin salfet paçkasındakı hər bir salfet ayrı-ayrılıqda yoxlanılmalıdır. Bu isə təhlükəsizlik yanaşmasıdır və onların işidir. Əgər salfetlər bir-bir yoxlanılsa, bu, abituriyentlərin gözləmə müddətini artıracaq, imtahanın başlanmasına təsir göstərəcək və psixoloji gərginliyi artıracaq”.
E.Nurinin fikrincə, imtahanın təşkil olunduğu məkanlarda əşyaların saxlanılması üçün xüsusi yerlər olmalıdır: “Elə abituriyent var ki, imtahana tək gəlir və çantasını, şəxsi əşyalarını qoymaq üçün yerlərə ehtiyac olur. Hər bir imtahan zalında quru və yaş salfetlər olmalıdır. Ola bilər ki, abituriyentlərin böyük əksəriyyəti heç bir qayda pozuntusu barədə düşünmür. Amma illər ərzində az sayda hallarda qaydalar müxtəlif üsullarla pozulduğu üçün bu cür məhdudiyyətlər tətbiq olunur”. Sevinc İbrahimzadə / Metbuat.az