AZ

Aslan Əsədov: Sürücülük məktəblərinə aidiyyəti olmayan bəzi şəxslər sahibkar kimi avtomobil alaraq sürücülük öyrədirlər

ain.az, Bizimyol saytına istinadən bildirir.

Hər kəsə məlumdur ki, şəhər yollarında təlim maşınlarının sayı çoxalıb. Bu vəziyyət bəzi hallarda yol hərəkətində sıxlığın yaranmasına səbəb ola bilər.Təlim maşınlarının sayı tıxac problemini artırırmı?

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təlim avtomobilləri yolun sağ zolağı ilə hərəkət etməli olduqları halda sol zolaqda hərəkət edirlər: “Bu gün istər Bakı şəhərində, istərsə də digər ərazilərdə təlim maşınlarının hərəkətinin şəhərin nəqliyyat infrastrukturuna müəyyən dərəcədə məhdudlaşdırıcı təsir göstərdiyini görürük. Çünki əvvəllər təlim maşınları əsasən sürücülük məktəblərinə məxsus olurdu və bu məktəblər çərçivəsində insanlara əlavə sürmə təlimi verilirdi, aşılanırdı. Lakin sonradan vəziyyət dəyişdi. Nə baş verdi? Sürücülük məktəblərinə aidiyyəti olmayan bəzi şəxslər də sahibkar kimi avtomobil alaraq sürücülük öyrətməyə başladılar. Bu zaman bəzən sürücülük insanlara düzgün öyrədilmir. Sürücülük öyrənən şəxslər bəzən deyirlər ki, müəllim onlara qaydaları məhz belə izah edib. Halbuki bu yanlış məlumatlar sonradan qanunların pozulmasına, yol hərəkəti qaydalarına riayət olunmamasına və nəticədə qəzaların baş verməsinə səbəb ola bilir.

Bəzən hər hansı qayda pozuntusu ilə bağlı irad bildirildikdə, sürücülük öyrədən şəxs bunu aqressiya ilə qarşılayır və iradı qəbul etmək istəmir. Hətta "arqument"lərlə özünü haqlı çıxarmağa çalışır. Halbuki yol hərəkəti qaydaları dövlət tərəfindən müəyyən edilmiş hüquqi prosedurlar əsasında qəbul olunur. Bu qaydalara dəyişiklik edilməsi də Milli Məclis, Nazirlər Kabineti və digər müvafiq dövlət qurumlarının səlahiyyətinə daxildir. Belə hallarda iradların qəbul edilməməsi və aqressiv münasibət nəticə etibarilə yenə də vətəndaşlara zərər vurur. Bu vəziyyət həm yol tıxaclarına təsir göstərir, həm də digər hərəkət iştirakçılarının xəsarət almasına səbəb ola bilər. Nəticədə müxtəlif problemlər və nöqsanlar yaranır”.

Aslan Əsədov

“Sürücülər avtomobilin üzərinə “Təlim” yazılmış xüsusi yapışqanlar yapışdırırlar. Lakin bəzən belə avtomobillər yolun sağ zolağı ilə hərəkət etməli olduqları halda sol zolaqda hərəkət edirlər. Həmçinin sürət həddi 90 km/saat göstərilən yollarda belə 60-70 km/saat sürətlə hərəkət etdikləri olur.

Bu isə istər-istəməz arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olur. Arxadakı sürücü məcbur qalıb manevr etdikdə isə bu bəzən avtoxuliqanlıq kimi qiymətləndirilə və sürücüyə cərimə tətbiq oluna bilər”-deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
bizimyol.info

1Mənbələr