AZ

Hamster çarxı Məryəm Bağırova yazır

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məryəm Bağırova

İnsan bəzən həyatını anlamadan yaşayır. Eyni səhvləri təkrarlayır, eyni qərarları verir, eyni yolu gedir və hər dəfə fərqli nəticə gözləyir. Bu, psixologiyada və fəlsəfədə “hamster çarxı” metaforası ilə izah edilən təkrarlanan həyat modelidir. Hamster çarxında fırlanan heyvan irəli getdiyini düşünür, amma əslində olduğu yerdə qalır. İnsan da bəzən emosional, düşüncə və davranış səviyyəsində eyni dövrəni yaşayır. Bədbinliyin dərin köklərindən biri məhz budur,  dəyişmədən dəyişiklik gözləmək.

İnsan beyninin ən böyük paradokslarından biri odur ki, o, təhlükədən qaçmaq istəyir, amma bəzən təhlükəni yaradan davranışı qoruyur və hətta davamlı onu bəsləyir. Psixologiyada buna öyrənilmiş davranış modeli, mənfi möhkəmlənmə və ya idrak təhrifləri deyilir. Bu zaman insan öz həyatını statik bir mexanizmə çevirir. Bu vəziyyət insanın azad iradəsini zəiflədir və daxili boşluq yaradır. Fridrix Nitsşe yazırdı ki, insan özünü dəfələrlə təkrarlayırsa, artıq öz taleyinin məhbusuna çevrilir. İnsanın eyni səhvləri təkrar etməsi, uğursuzluqdan dərs çıxarmaması, özünü dəyişmədən dəyişiklik gözləməsi - bütün bunlar bədbinliyin əsas səbəblərindən biridir. Çünki təkrarın gətirdiyi nəticə yalnız dairəvi bir döngüdür. Albert Eynşteynin məşhur aforizmi bunu mükəmməl ifadə edir: “Eyni şeyi təkrar-təkrar edib fərqli nəticə gözləmək - dəlilikdir”. Bu fikir insanın öz həyatında hamster çarxına düşməsini izah edir: hər gün eyni davranış, eyni düşüncə, eyni seçimlər - amma gözlənilən nəticə isə tamamilə başqa.

Bədbinlik çox zaman xarici hadisələrdən yox, daxili döngüdən doğur. Onun əsas səbəbləri bunlardır: Qorxu mədəniyyəti - İnsan risk almaqdan qorxur və təhlükəsiz zonaya sığınır. Keçmiş travmanın təkrar modeli - Fyodor Dostoyevski insan ruhunun ən böyük əzabının vicdan və yaddaş döngüsündən yarandığını göstərirdi. Özünə inam çatışmazlığı - İnsan öz qərarını deyil, qorxusunu dinləyir. Mükəmməllik illüziyası - “Bir az da dözsəm, gələcəkdə hər şey öz-özünə düzələcək” kimi düşüncələr insanı döngüdə saxlayır.  

Həyat çox vaxt öz-özünə düzəlmir. İnsan dəyişməzsə, döngü sonsuz olur. Hamster çarxı insan psixikasının simvoludur. İnsan: qaçır, yorulur, ümid edir, amma yerində dayanır. Bu döngü belə izah oluna bilər: “Hərəkət etmək inkişaf deyil, doğru istiqamətdə hərəkət inkişafdır”. İnsanın bədbinliyinin əsas səbəbi təkrarın əsarətidir. Hamster çarxında qaçan heyvan kimi, insan da eyni səhvləri təkrar etdikcə, həyatını bitməz bir döngüyə çevirir. 

Həyat hamster çarxı deyil... İnsan ruhu sonsuz bədbinlik döngüsündə yorulmaq üçün yaradılmayıb. Həyat ağrının, xaosun və ümidsizliyin içində itib getmək üçün çox qısadır. İnsan bəzən fərqinə varmadan özünü qaranlıq düşüncələrin əsirinə çevirir və hər gün eyni kədəri, eyni qorxunu, eyni ümidi yarımçıq qoyan düşüncələri təkrar yaşayır. Əgər insan eyni yolu gedib fərqli nəticə gözləyirsə, o, ümidlə deyil, “illüziya” ilə yaşayır. Həqiqət daha çox “qaçmaqda” deyil, dayanıb çarxı susdurmaqda və doğru istiqaməti seçməkdədir. İnsan həyatının dəyəri sonsuz dövrə vurmaqda yox, döngünü qırıb azad addım atmaqdadır.                                                                                                                  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
525.az

1Mənbələr