AZ

Uzun müddət keyfiyyətli və səviyyəli televiziya verilişlərinə həsrət qalan tamaşaçıların sevinci sosial şəbəkələrdə...

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Son illər televiziya məkanında tez-tez səslənən əsas tənqidlərdən biri efirlərin səviyyəsi ilə bağlı idi. Tamaşaçılar sosial şəbəkələrdə və ictimai müzakirələrdə dəfələrlə bildirirdilər ki, bəzi verilişlərdə məzmunun zəifliyi, eyni simaların təkrarlanması və sənətə həqiqi töhfəsi olan insanların kənarda qalması narazılıq yaradır. Görünür, bu ictimai qınaq müəyyən mənada təsirsiz qalmayıb. Son günlər televiziya kanallarının efir siyasətində hiss olunan dəyişikliklər bunu deməyə əsas verir.

Artıq bir sıra verilişlərdə uzun illər Azərbaycan mədəniyyətinə xidmət etmiş sənətkarların dəvət olunması diqqət çəkir. Uzun müddət efirlərdən uzaq qalan, lakin sənət tariximizdə mühüm iz qoymuş sənət adamlarının yenidən tamaşaçı qarşısına çıxması cəmiyyətdə müsbət qarşılanır. Bu dəyişiklik ən çox sosial şəbəkələrdə hiss olunur. Tamaşaçılar uzun fasilədən sonra efirdə gördükləri tanınmış sənətkarlarla bağlı həm sevinc, həm də təəccüb dolu fikirlər yazırlar. Rəylərin bəziləri isə həm ironik, həm də düşündürücü məna daşıyır.

Bir istifadəçi yazır: “Biz elə bilirdik bu xalq artisti rəhmətə gedib”. Başqa bir şərhdə isə belə deyilir: “Televizorları padvaldan gətirib qoşmaq vaxtıdır”. Bu cür reaksiyalar əslində tamaşaçıların uzun müddət keyfiyyətli və səviyyəli televiziya verilişlərinə həsrət qaldığını göstərir.

Bir çox istifadəçilər qeyd edir ki, efirdə yenidən sənətə, musiqiyə və mədəniyyətə hörmətin hiss olunması sevindiricidir. Onların fikrincə, televiziya yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin estetik zövqünü formalaşdıran mühüm platformadır.

Tamaşaçı rəyi televiziya siyasətinə təsir edən əsas amillərdən biridir. Sosial şəbəkələrin geniş yayılması artıq izləyicilərə öz mövqelərini daha açıq şəkildə ifadə etmək imkanı verir və bu da televiziya rəhbərliklərini ictimai rəyə daha həssas yanaşmağa vadar edir. Tamaşaçıların gözləntisi isə sadədir. Efirlərdə daha çox peşəkarlıq, daha çox mədəniyyət və daha çox keyfiyyət görmək. Əgər son günlər müşahidə olunan bu dəyişiklik davamlı xarakter alarsa, televiziya məkanı həm tamaşaçıların etimadını bərpa edə, həm də milli mədəniyyətin təbliğində yenidən öz əvvəlki rolunu gücləndirə bilər.

Görünən odur ki, tamaşaçı artıq passiv izləyici deyil. Onun səsi var və bu səs eşidildikdə efirlər də dəyişə bilir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
icma.az

1Mənbələr