Azərbaycanda 3 kəndin adı dəyişir. Bu məsələ Milli Məclis yanında Toponimiya komissiyasının bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka yaşayış məntəqəsinin adı dəyişdirilərək Elbir kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka yaşayış məntəqəsinin adı dəyişdirilərək Çinarlı kəndi və Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Timiryazev yaşayış məntəqəsinin adı dəyişdirilərək Bəhrəli kəndi adlandırılacaq.
Maraqlıdır, ümumiyyətlə, kəndlərimizin adları nəyə əsasən müəyyən edilir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında akademik, Milli Məclis yanında Topnomiya Komissiyasınını üzvü Nizami Cəfərov bildirib ki, bu kəndlərin adını müəyyənləşdirən müəyyən prinsiplər var:
“Biz təsadüflərə əsaslanmırıq, prinsiplərlə işləyirik. Əvvəla, bu kəndlərin adının dəyişdirilməsi mütəq idi. Çünki artıq bu adları qoyanlar, o adların sahibi olanlar həmin kəndlərdə yaşamırlar. Yəni kəndlərə yeni sakinlər gəlib və təbii ki, əvvəlki adlar onları təmin etmir. Belə olan halda ad dəyişdirilərkən ilk növbədə kənd sakinlərinin, yəni yerli icmanın təklif etdiyi variantlara baxılır. Bu adları da yerli icma təklif edib. Bəzi hallarda bir qədər fərqli variantlar təqdim olunub, daha sonra isə mütəxəssislər tərəfindən araşdırılıb”.
Müsahibimizin dediyinə görə, Toponimiya Komissiyasının da əsas məqsədi məhz budur ki, təklif olunan adların Azərbaycanın toponimik yer adları sisteminə uyğun olub-olmadığını müəyyənləşdirsin:
“Onlar elmi əsaslarla izah verirlər və bundan sonra qərar qəbul olunur. İndi biz bu adları qəbul etmişik və bunların hər birinin öz mənası var. Məsələn, Elbir bir qədər eksperimental addır. Çünki Qubanın əhalisinin müxtəlif millətlərdən ibarət olmasını simvolizə edən bir addır. Təmiz türk və Azərbaycan mənşəli sözdür və eyni zamanda yenilik də ehtiva edir. Bu baxımdan yaxşı addır”.

Nizami Cəfərov: Biz təsadüflərə əsaslanmırıq, prinsiplərlə işləyirik
N.Cəfərov qeyd edib ki, Çinarlı bizim ənənəvi yer adlarımızdandır:
“Bu sahə ilə məşğul olanların dediyinə görə, həmin ərazidə çoxlu bağlar, bağçalar və çinar ağacları var. Ona görə də bu ad həmin yerə uyğun hesab olunur”.
Digər ad isə Bəhrəlidir. Nizami Cəfərov qeyd edib ki, orada daha çox ağac tingləri hazırlanır və müxtəlif yerlərə göndərilir:
“Hətta bir təklif də olmuşdu ki, kəndin adı Tingli qoyulsun. Lakin yerli əhali Bəhrəli adını daha çox bəyənib. Bu ad da xalqımızın toponimiya ilə bağlı təsəvvürlərinə və ümumi əhval-ruhiyyəsinə uyğun gəldiyi üçün qəbul olunub”.
Aynur Babazadə