Bakı, 11 mart, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı fürsətdən istifadə edib Azərbaycan şəhərlərinin də qarşılarında duran çağırışlar bir daha səsləndirilməlidir. Dünya təcrübəsi yüksək səviyyədə öyrənilməlidir və bunun Azərbaycan reallığına uyğun tətbiqi ilə bağlı praktik addımlar atılmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.
O qeyd edib ki, Azərbaycan reallığı deyərkən coğrafiyamız, iqlim şəraitimiz, şəhərlərimizin yerləşdiyi relyef və bizim maddi imkanlarımız nəzərdə tutulur.
“Bütün bunlar nəzərə alınaraq, Azərbaycan şəhərlərinin və yaşayış məntəqələrinin ümumi inkişaf konsepsiyası ortaya qoyulmalıdır. Ümumiyyətlə, bizim ölkəmizdə hələ sovet dövründən şəhərsalma məsələlərində təzadlar olub. Bəzi şəhərlərimizdə, məsələn paytaxt Bakıda və ötən əsrin ortalarından başlayaraq Sumqayıt, Gəncə, Mingəçevir, Şirvanda imkan daxilində şəhərsalma norma qaydalarına uyğun tikinti və məskunlaşma işləri aparılıb. Ancaq diqqətlə baxdıqda görürük ki, həmin şəhərlərin hər yerində bu proses aparılmayıb. Buna görə də, Bakının ətrafındakı kənd və qəsəbələrdə, həmçinin rayon mərkəzlərində normalara uyğun olmayan məskunlaşma məntəqələri yaranıb. Buna görə də, cəmiyyətimizin, bələdiyyələrin, yerli icra hakimiyyət orqanlarının şəhərsalma məsələlərinə yanaşması kökündən dəyişməlidir. Müasir şəhərsalmanın bütün elementləri ərazimizin, coğrafiyamızın, relyefimizin, iqlimimizin və maddi imkanımızın ortaya qoyduğu amillər nəzərə alınmaqla həyata keçirilməlidir. Hal-hazırda olan yanaşma normalara, şəraitə və qaydalara uyğun deyil. Yanaşmalar kökündən dəyişməlidir”,- deyə Ə.Hüseynov qeyd edib.