ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran msrtın 5-də Naxçıvanı vurdu, Azərbaycan prezidenti dərhal Təhlükəsizlik Şurasını topladı və dedi, bunu edənlər "peşman olacaqlar".
Çox keçməmiş İran peşman oldu; Prezident Məsud Pezeşkian bu peşmançılıq hissini ifadə etdi, bu İranın zərbə endirdiyi qonşu ölkələrdən üzr istədi. Bunun - qonşu ölkələrin vurulmasının hərbi ierarxiyadakı anlaşılmazlıqla izah etdi. Doğrudur, sonra bu peşmançılıq hissinə görə SEPAH prezidentin özünü də "peşman" elədi.
Məlum oldu ki, Pezeşkian İranın dinc tərəfinin lideridir, İranın "nadinc" tərəfi hələ də SEPAH-ın təsiri altındadır. Ali Dini Lider kimdir, kim deyil - bundan asılı olmayaraq, ölkədə faktik hakimiyyət hərbçilərin əlinə keçib.
Əslində ölkədə legitim sayıla biləcək hakimiyyəti Pezeşkian təmsil edir. Prezident qonşulardan xalqın adından üzr istəyib. Bir də var, Ekspertlər Şurasınınn "seçdiyi" Ali Dini Lider. Ekspert Şurasını kim formalaşdırmışdı? Ali Dini Lider (?!).
Beləliklə, ölkədə real hakimiyyətin faktik sahibləri - "mühafizəkarlar" prezidentin simasında xalqı siyasətdən, ölkənin taleyi ilə bağlı qərar vermək imkanından, bu qərarlara təsir göstərmək səlahiyyətindən zorla məhrum edib.
"Zor" sözünü elə-belə sözgəlişi işlətmədik; ABŞ-İsrail tandeminin İrana hücumundan qabaq İran hakimiyyətinin konservativ qanadı onsuz da müharibə aparırdı. Həm də öz xalqına qarşı. Ali Dini Liderə tabe olan həmin SEPAH, Bəsic, polis 40 mindın çox mülki şəxsi - öz vətəndaşlarını hakimiyyətə etiraz etdiyi üçün qətlə yetirmişdi. Bu rəqəm son 11 gündə ABŞ-İsrail bombardmanı nəticəsində həlak olan İranlıların sayından dəfələrlə çoxdur. Deməli, İran xalqı təkcə yadellilərdən - xarici düşməndən deyil, daxildəki zalımlardan da qorunmalıdır, elə deyilmi?!
Bax, burda məsələ qəlizləşir, dolaşır, çünki xalqı zalımın zülmündən qorumalı olan ordu, polis, təhlükəsizlik qüvvələri elə həmin zalımın öz əlində-əmrindədir. Qalır, İran xalqının siyasi iradəsi, onu da hazırda prezident Pezeşkian təmsil edir.
Burdaca İranın qonşu ölkələrə hava zərbəsi endirməsi ilə bağlı məsələyə qayıtmaq lazım gəlir: prezident Pezeşkian xalqın siyasi iradəsini ifadə edərək, deyir, bu hərəkətlər yanlışlıqla olub, SEPAH ali dini hakimiyyətə söykənərək deyir: "Düz eləmişik".
Yazının əvvəlinə qayıdıram. İran Naxçıvanı vurdu, Azərbaycan prezidenti dərhal, qətiyyətli və kəskin reaksiya bildirdi. Bu reaksiyanın nəticəsi olaraq, İran prezident Pezeşkianın smnasında üç hərəkəti eyni vaxtda etməli oldu: izahat verdi, üzr istədi, bundan sonra qonşu dövlətləri vurmamaq qərarını qəbul etdi. Bu izahat bizi qane edir, yoxsa yox, bu qərar yerinə yetirilir, yoxsa, yox, bundan asılı olmayaraq, Azərbaycanın mövqeyi öz təsirini dərhal göstərdi.
Prezident Pezeşkian Azərbaycanlı həmkarına zəng elədi, vəziyyəti öz versiyasında izah elədi, gələcək perspekivlərin müzakirəsini belə apardı. O arada, bildiyiniz kimi, Birləşmiş Ərəb Əmirlikləri İrana zərbələr endirməyə başladı. İran da buna cavab verdi. Amma Azərbaycan zərbə endirmir axı. Hərbə-zorba gəlmir axı. Kim düşmənçilik edirsə, ona münasibət ayrı olmalıdır. Kim hücum edirsə, ondan qorunmaq lazımdır. Kim hücum edənə öz ərazisi, infrastrukturu və sair imkanları ilə yardım edirsə, onu cəzalandırmaq doğrudur, elə deyilmi?! Sənə dost kimi ələnə niyə düşməncəsinə yanaşasan? Bu mənada İranın Türkyəyə raket atması (həm də ikinci dəfə!) heç bir məntiqə sığmır. Eləcə də, SEPAH deyilən qurumun Azərbaycanı hədələməkdə davam etməsi heç bir həddə, məntiqə sığmır. Üstəlik Türkiyəyə zərbə endirmək cəhdi də eyni zamanda Azərbaycana qarşı edilmiş hərəkət deməkdir. Çünki tarixi Şuşa Bəyannaməsi var, müttəfiqlik var. Həm də qardaş müttəfiqliyi. İnsan var, həyatda öz doğma qardaşı ilə dost olmağı bacarmır, ancaq Azərbaycan və Türkiyə liderləri, bu iki ölkə dost olmağı da bacarır, müttəfiqliyi də, hər cür yardımlaşmanı da.
Yardımlaşma demişkən, Azərbaycan İran tərəfindən edilən hərbi təxribata, informasiya hücumlarına, təhdidlərə və sair xoç olmayan, təhlükəli hərəkətlərə baxmayaraq, qonşu ölkəyə humanitar yardım - qida məhsulları və tibbi vasitələr göndərdi. Bu, nə deməkdir?! Yamanlığa yaxşılıqla cavab verə bilməl kişiliyidir. Qida məhsullarını göndərməklə Azərbaycan öz tikəsini dara düşən qonşusu ilə bölür demək. Bombardman altında ölümlə üzbəüz yaşayan, qanı axıdılan - davada olan İrana Azərbaycandan dava-dərman aparılır. Bu, dava istəmədiyimizin daha humanitar isbatıdır. Azərbaycanın bu addımı, bu jest təkcə İranda deyil, başqa coğrafiyalarda da Azərbaycanı sevməyən dairələrə kişilik dərsi, hər kəsə bir İnsanlıq nümunə oldu.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.