İran Prezidenti Məsud Pezeşkian martın 11-də Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirdiyi telefon danışığı zamanı ölkəsinin hərbi strategiyası və regional gərginliklə bağlı mühüm bəyanatlar verib.
Musavat.com xəbər verir ki, Pezeşkian İranın qonşu dövlətlərlə münaqişəyə girmək niyyətində olmadığını, lakin özünümüdafiə hüququ çərçivəsində ABŞ-ın hərbi obyektlərini hədəf almağa davam edəcəyini vurğulayıb.
Pezeşkian bəyan edib ki, İran region ölkələrinə zərbə endirməyəcək. "Yalnız ərazimizə hücumların həyata keçirildiyi hərbi bazalar özünümüdafiə çərçivəsində vurulacaq", — deyə o qeyd edib.
İran lideri beynəlxalq birliyi və təşkilatları İrana qarşı hava zərbələrinin köklü səbəblərini araşdırmağa çağırıb. O xəbərdarlıq edib ki, bu cür araşdırmanın aparılmaması beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərəcək.
Danışıq zamanı Pezeşkian ABŞ və İsrailin Minabdakı məktəbə (168 şagirdin ölümü ilə nəticələnən) və digər mülki obyektlərə, o cümlədən xəstəxanalara hücumlarını "cinayət" adlandırıb.
Bu bəyanat martın 11-i səhər saatlarında Səudiyyə Ərəbistanının İrandan atılan 7 ballistik raketi ("Şahzadə Sultan" aviabazası və şərq bölgəsi istiqamətində) zərərsizləşdirməsindən dərhal sonraya təsadüf edir. Pezeşkian bununla qonşu ərəb ölkələrinə "bizim düşmənimiz siz deyilsiniz" mesajını verməyə çalışıb.
Pakistanın Baş naziri Şahbaz Şərif isə öz növbəsində Əli Xameneyinin ölümü ilə bağlı başsağlığı verib və Müctəba Xameneyinin yeni Ali Rəhbər seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, İslamabadın regionda gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.
Musavat.com