AZ

Əli Səlimov: Müharibənin uzanması birbaşa Çin üçün həm qısamüddətli, həm də uzunmüddətli risklər yaratmağa davam edəcək

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“İsrail, ABŞ və İran müharibəsi enerji bazarlarını ciddi şəkildə sarsıtmağa davam edir. Brent markalı neftin qiyməti artıq 85 dolları keçib və bu artım Çin üçün sadəcə statistik göstəricidən ibarət deyil. Çin dünyada ən böyük neft idxalçılarından biridir və əsasən onun sənaye və istehsal xərclərinə birbaşa təsir edir. Sırf bu səbəbdən də enerji qiymətlərindəki dalğalanmalara qarşı həssasdır”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Əli Səlimov danışıb. İqtisadçı qeyd edib ki, müharibənin davam etməsi və yeni mərhələyə keçid etməsi vəziyyəti daha da mürəkkəbləşdirib: “Hörmüz boğazı və digər strateji tranzit yollarının qeyri-sabitliyi tədarük riskini artırmağa davam edir. Nəticədə enerji daşımalarında gecikmələr və qiymət dalğalanmaları Çin şirkətlərini alternativ marşrutlar və enerji mənbələri axtarmağa məcbur edir. Bu isə əlavə xərclər və istehsal planlarının pozulması deməkdir.

Mövzuya daha geniş baxdıqda, müharibənin uzanmasının beynəlxalq tələbi zəiflədəcəyini demək etmək olar. Çin ixracatında əsas rol oynayan Avropa və ABŞ bazarlarında iqtisadi fəallığın azalması məhsul ixracına mənfi təsir göstərə, valyuta axınını çətinləşdirə və ticarət balansını poza bilər. Bu da iqtisadi artım tempini ləngidəcək və qeyri-sabitliyi artıracaqdır”.

Əli Səlimov

Əli Səlimov bildirib ki, Çin hazırda daxili ehtiyatlar və enerji diversifikasiyası ilə vəziyyəti idarə edir: “Eyni zamanda Rusiya və Mərkəzi Asiyadan idxalı artırıb. Lakin atılan bu addımlar qısa müddətli rahatlıqdan başqa bir şey deyil. Enerji qiymətləri yüksək qalmağa davam edərsə, istehsal xərcləri və ticarət balansı üzərində təzyiq uzun müddət davam edəcək”.

İqtisadçının fikrincə, baş verən hadisələr göstərir ki, müharibə yalnız enerji qiymətlərini deyil, Çin iqtisadiyyatının planlaşdırılmış inkişafını da sınayır: “Enerji xərclərinin artması, tranzit risklərinin yüksəlməsi və beynəlxalq iqtisadi zəifləmə potensialı ölkənin strateji planlaşdırma qabiliyyətini ciddi şəkildə test edir. Bu kimi dalğalanmalar bir mənalı şəkildə Çinin alternativ enerji sahəsinə ciddi investisiyalar etmək ehtimalını da artırır. Qısaca onu demək olar ki, müharibənin uzanması birbaşa Çin üçün həm qısamüddətli, həm də uzunmüddətli risklər yaratmağa davam edəcək. Enerji təhlükəsizliyi və iqtisadi planlaşdırma hələ də Çin üçün əsas vəzifələrdir və bu risklər qarşısında hər bir səhv addım iqtisadi itkini sürətləndirəcək”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
icma.az

1Mənbələr