Bakı, 11 mart, AZƏRTAC
Asiya ilə Avropanı birləşdirən mövcud nəqliyyat marşrutları arasında son illərdə Orta Dəhliz xüsusi aktuallıq qazanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında qırğızıstanlı siyasi analitik və iqtisadçı Almaz Tajıbay bildirib.
Onun sözlərinə görə, Ukraynada davam edən müharibə və İran ətrafında müşahidə olunan qeyri-sabitlik fonunda Şimal və Cənub nəqliyyat marşrutlarında risklərin artması beynəlxalq ticarət yollarının şaxələndirilməsi zərurətini gündəmə gətirib.
A.Tajıbay qeyd edib ki, bu baxımdan Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən ənənəvi dəniz marşrutlarına alternativ kimi nəzərdən keçirilir. Süveyş kanalı, Qırmızı dəniz və Hörmüz boğazından keçən dəniz yollarında geosiyasi gərginliyin artması fonunda bu dəhliz müəyyən risklərin azaldılması baxımından əlavə imkanlar yaradır.
Bununla belə, ekspert vurğulayıb ki, qlobal logistika sistemində dəniz nəqliyyatı hələ də aparıcı mövqeyini qoruyur. “Dəniz daşımaları daha aşağı nəqliyyat xərcləri, yüksək yük tutumu və quru nəqliyyatı ilə müqayisədə nisbətən ekoloji üstünlükləri ilə seçilir. Bu səbəbdən beynəlxalq ticarətdə əsas yük həcmləri hələ də dəniz marşrutları vasitəsilə daşınır”, – deyə o bildirib.
Qırğızıstanlı analitik qeyd edib ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik zaman-zaman qlobal enerji bazarlarına da təsir göstərir. Onun sözlərinə görə, müəyyən dövrlərdə gəmiçilik üçün risklərin artması nəticəsində Brent markalı neftin qiyməti əvvəlki 60-70 dollar aralığından təxminən 120 dollar səviyyəsinə qədər yüksəlib və sonradan 87-92 dollar diapazonunda sabitləşib. Belə şəraitdə Orta Dəhlizin inkişafı mühüm əhəmiyyət daşısa da, qlobal enerji daşıyıcılarının qiymətlərinə təsir imkanları məhdud olaraq qalır. Çünki neft və digər enerji resurslarının əsas ticarət həcmləri hələ də dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir.
Ekspert əlavə edib ki, regionda nəqliyyat infrastrukturunun inkişafı, xüsusilə Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində aparılan layihələr yeni logistika imkanları yarada bilər. Bu marşrut Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi ilə yanaşı, Mərkəzi Asiya ölkələri üçün də əlavə nəqliyyat perspektivləri açır.
Almaz Tajıbay qeyd edib ki, belə layihələrin həyata keçirilməsi regionun beynəlxalq nəqliyyat sistemində rolunu gücləndirə, ötürücülük qabiliyyətinin artırılması və yük daşımalarının həcminin genişlənməsi isə bu marşrutları beynəlxalq logistika və enerji daşımaları üçün daha cəlbedici edə bilər.
“Nəqliyyat infrastrukturunun inkişafı və yük axınlarının artması region ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə, Avropa və Asiya ilə ticarət əlaqələrinin genişlənməsinə də töhfə verəcək. Eyni zamanda, bu proseslər regiona investisiya axınının artmasına və iqtisadi inkişafın sürətlənməsinə də mühüm təsir göstərəcək”, - deyə qırğızıstanlı ekspert əminliyini ifadə edib.