AZ

Dövlət qurumlarına məxsus pulları mənimsəyən şirkət rəhbəri ilə bağlı QƏRAR

Ali Məhkəmədə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Kərimovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəyib. Rüfət Kərimov cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmaqda ittiham olunub.

 

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Kərimovun barəsində 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 11 Mart 2026, 09:48   
Seçilən
84
pravda.az

1Mənbələr