Rusiyaya qarşı döyüşmüş “Neftçi”nin baş məşqçisinin “Turan Tovuz”un rusiyalı baş məşqçisi ilə əl tutması Ukrayna mediasında narazılıq yaratdı
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ötən bazar günü Azərbaycan çempionatında “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra ölkəsinin mətbuatının diqqət mərkəzinə düşüb. QOL.az-ın xəbərinə görə, Ukraynanın football.ua saytı yazır ki, “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatan matç bitən kimi “Neftçi”nin ukraynalı baş məşqçisi rəqib komandanın rusiyalı çalışdırıcısı Kurban Berdıyevin əlini sıxıb.
Sayt bunu qalmaqal kimi dəyərləndirib. Məsələ Ukraynada ona görə müzakirələrə və narazılığa səbəb olub ki, türkmən əsilli rusiyalı Berdıyev 2023-cü ildə işğal altında olan Ukraynanın Mariupol bölgəsinə səfər edərək orada rusiyalı hərbçilərlə görüşü ilə gündəmə gəlmişdi.
Vernidub isə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinə qoşulmuşdu. Bu səbəbdən onun Berdyevlə əl sıxması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 24tv.ua saytı da Vernidubun Berdıyevlə əl sıxıb görüşməsini qalmaqal kimi dəyərləndirib.

Yuri Vernidub
Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi bir müddət əvvəl də “Neftçi”nin Rusiyanın "Lokomotiv"in akademiyası ilə əməkdaşlıq sənədinə görə tənqid hədəfinə çevrilmişdi. Sənədə əsasən, tərəflər gənc futbolçuların yetişdirilməsi sahəsində təcrübə mübadiləsi aparacaq və Azərbaycan və Rusiyada turnirlər təşkil edəcəklər.
Ukraynalı baş məşqçi Yuri Vernidubun "Neftçi" ilə 1,5 illik müqavilə imzaladıqdan bir neçə gün sonraya təsadüf edən bu müqavilə Ukraynada ciddi rezonans doğurmuşdu. Baş məşqçi isə yayılmış iddiaları təkzib etmişdi:
“Burada jurnalistlər məlumatı şişirdiblər. Bəzi KİV-lər yazıb ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim bununla nə əlaqəm var?” Vernedub onu da deyib ki, hazırda Ukraynadan futbolçu transferi ilə bağlı planı yoxdur: “Burada yalnız “Çernomorets”in keçmiş yarımmüdafiəçisi Andrey Ştoqrin oynayır. O, hazırlıqlarda iştirak etdi və məndə çox yaxşı təəssürat bağışladı. İndi o, əsas komandaya sifariş olunacaq”.
Daha maraqlısını baş məşqçi bundan sonra demişdi: “Əsas komandada bir nəfər də olsun rusiyalı yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar çıxış edirlər. Mən burada Ukrayna dilində danışıram, sözlərimi isə futbolçulara və ya həmsöhbətə tərcüməçi çatdırır”.

Musavat.com xatırladır ki, Yuri Vernidub 1966-cı il yanvarın 22-də Ukraynanın Jitomir şəhərində anadan olub. Futbolçu karyerasına yerli “Spartak”da başlayan Vernidub “Kolos” (Nikopol), “Dnepr” (Dnepropetrovsk), “Prikarpatye”, “Matellurq” (Zaporojye), “Kemnitser” (Almaniya), “Torpedo” (Zaporojye) və “Zenit” (Sankt-Peterburq) klublarında çıxış edib. Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye, 2001-2002, 2005-2009), “Zarya” (Luqansk, 2010-2019), “Krivbass” (2022-2025), Belarusda “Şaxtyor” (Soliqorsk, 2019-2020), Moldovada “Şerif” (Tiraspol, 2020-2022) klublarında çalışıb.

Berdıyev 2023-cü ildə işğal altında olan Ukraynanın Mariupol bölgəsində
Qurban Berdıyev isə 1952-ci ildə Aşqabadda anadan olan türkmən əsilli sovet futbolçusu və tanınmış futbol məşqçisidir. Kazan "Rubin"ini Rusiya çempionu edərək "Barselona" kimi nəhəngləri məğlub etməsi ilə şöhrət qazanan, taktikası və səbirliliyi ilə tanınan "təsbehli hoca" ləqəbli mütəxəssis, son dövrlərdə Azərbaycanın "Turan Tovuz" klubunda baş məşqçi kimi fəaliyyət göstərir. Hər iki klub bu məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.
Musavat.com