AZ

ABŞ-ın Bağdaddakı diplomatik mərkəzinə dron hücumu edilib

Bağdadda ABŞ-ın diplomatik dəstək mərkəzinə pilotsuz uçuş aparatı ilə hücum edilib. The Washington Post qəzetinin məlumatına görə, hücumun İranı dəstəkləyən silahlı qruplaşmalar tərəfindən həyata keçirilən mümkün cavab addımı olduğu ehtimal edilir.

Nəşr yazır ki, hücuma məruz qalan kompleks ABŞ diplomatlarının Yaxın Şərqdə fəaliyyətində mühüm logistika mərkəzlərindən biri hesab olunur. Obyekt İraqın hərbi bazaları və Bağdad beynəlxalq hava limanı yaxınlığında yerləşir.

İraqın Shafaq News portalı isə təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri Bağdad beynəlxalq hava limanı yaxınlığındakı hərbi obyektə zərbə endirməyə çalışan pilotsuz uçuş aparatını vurub. Məlumata görə, dron ABŞ logistika mərkəzinin yerləşdiyi “Viktoriya” bazasına yaxınlaşarkən məhv edilib.

Mənbə qeyd edib ki, son bir neçə saat ərzində həmin bazaya qarşı artıq altı hücum cəhdi qeydə alınıb.

Bu hadisə regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. Martın 10-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraq Kürdüstanında yerləşən “Hərir” hərbi bazasına raket zərbəsi endirdiyini açıqlamışdı. ABŞ və İran arasında gərginlik son aylarda regionda hərbi obyektlərə qarşı hücumların artması ilə müşahidə olunur.

Gülnar 

Seçilən
9
1
anews.az

2Mənbələr