
İran atəşkəs üzrə vasitəçilik etmək istəyən ölkələrin bütün təkliflərini rədd edib və diplomatik prosesin bərpası üçün ABŞ-dan konkret təminatlar tələb edib.
AFN.az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb. Bildirilir ki, rəsmi Tehran bir neçə əsas şərt irəli sürərək Vaşinqtondan gələcəkdə İslam Respublikasına qarşı heç bir hücumun edilməyəcəyinə dair zəmanət istəyir.
Mənbələrin verdiyi məlumata görə, İranın tələbləri arasında hərbi əməliyyatlar nəticəsində dəymiş ziyanın ödənilməsi üçün təzminatların (reparasiyaların) verilməsi də yer alır. Bundan əlavə, Tehran ABŞ-ın İranın öz atom enerjisi obyektlərində tam nüvə yanacaq dövriyyəsini həyata keçirmək hüququnu tanımasını israr edir.
Bu şərtlər yerinə yetirilmədiyi təqdirdə birbaşa və ya dolayı danışıqlara qayıtmaq niyyətində olmadığı vurğulanır. Ekspertlər hesab edirlər ki, Tehranın bu addımı danışıqlarda öz mövqelərini gücləndirmək və Vaşinqtonu güzəştə sövq etmək məqsədi daşıyır.