Bakıda abadlıq işlərinin layihələndirilməsinə 3 milyon manat ayrıldı.
NOCOMMENT.az xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisində həyata keçiriləcək genişmiqyaslı abadlıq işləri ilə bağlı tenderin qalibini elan edib.
Bakı şəhərindəki səkilər, həyətlər, park və bağlarda aparılacaq yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasını “AZ.Arxitektura” MMC həyata keçirəcək.
Tərəflər arasında bağlanmış müqavilənin ümumi məbləği 3 016 099 manat təşkil edir.
Bizimesr.com bildirir ki, 3 milyon manata yaxın vəsaitin yalnız layihə sənədlərinə ayrılması ictimaiyyət üçün böyük rəqəm kimi görünür. Layihənin konkret olaraq neçə parkı, neçə həyəti və neçə kilometr səki sahəsini əhatə etdiyi barədə məlumatlar açıq şəkildə təqdim olunmalıdır ki, olunmur.
Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin bütün layihələrini “AZ.Arxitektura” MMC həyata keçirir. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin rəhbəri isə Abit Əliyevdir. Onun Bakı meri Eldar Əzizovla yaxın olduğu qeyd olunur. /Bizimesr.com /