ABŞ-də yerləşən nüfuzlu “Forbes” jurnalı dünyanın ən varlı şəxslərinin yenilənmiş siyahısını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, siyahıda Türkiyədən 43 milyarder yer alıb.
Siyahıya ABŞ-də qurduğu Chobani qatıq brendi ilə qlobal uğur qazanan iş adamı Hamdi Ulukaya başçılıq edir. Onun sərvəti 13,5 milyard dollar qiymətləndirilir. Ulukaya həm də dünya milyarderləri siyahısında 219-cu pillədə qərarlaşıb.
İkinci yerdə 5,3 milyard dollar sərvəti ilə Murat Ülker qərarlaşıb. Siyahıda enerji, müdafiə sənayesi, maliyyə və texnologiya sektorlarından olan tanınmış iş adamlarının da adları yer alır.
4,9 milyard dollarlıq sərvəti ilə Şaban Cəmil Kazancı və Eren Özmen, 4,7 milyard dollarla isə Fatih Özmen və BioNTech şirkətinin qurucularından biri olan Uğur Şahin ən varlı türklər arasında yer alıblar.
Siyahıya görə, Erman Ilıcak 3,8 milyard dollar sərvətlə Türkiyənin ən varlı iş adamlarından biridir. Ferit Faik Şahenk 3,2 milyard, Filiz Şahenk isə 2,9 milyard dollarlıq sərvətlə siyahıda yer alıblar.
2,7 milyard dollarlıq sərvəti ilə Feridun Geçgel, İpek Kıraç, Semahat Sevim Arsel və Selçuk Bayraktar da siyahıda diqqət çəkən adlar sırasındadır. Mustafa Rəhmi Koç 2,6 milyard, Mehmet Sinan Tara 2,5 milyard, Haluk Bayraktar isə 2,4 milyard dollar sərvətlə milyarderlər arasında göstərilib.
Siyahıda həmçinin Ahmet Çalık, Mustafa Küçük, Mehmet Ali Aydınlar, Hüsnü Özyeğin, Nihat Özdemir, Turgay Ciner, Aydın Doğan kimi tanınmış iş adamlarının da adları yer alır.
“Forbes”in məlumatına görə, 2026-cı ildə dünya üzrə milyarderlərin sayı rekord həddə çataraq 3428 nəfər olub. Onların ümumi sərvəti isə 20,1 trilyon dollar təşkil edir. Bu göstərici ötən illə müqayisədə 4 trilyon dollar artım deməkdir.
Qlobal siyahıya bu il də amerikalı iş adamı İlon Mask başçılıq edir. Tesla, SpaceX, X və xAI şirkətlərinin sahibi olan Maskın sərvəti 839 milyard dollar olaraq qiymətləndirilir. Bu göstərici onu tarixdə qeydə alınan ən varlı insanlardan birinə çevirib və Maskın dünyanın ilk trilyoneri olacağı ilə bağlı proqnozları gücləndirib.
Siyahıda ikinci yeri 257 milyard dollar sərvətlə Google-un həmtəsisçisi Larri Peyc, üçüncü yeri isə 237 milyard dollar sərvətlə digər həmtəsisçi Sergey Brin tutur. Amazonun qurucusu Ceff Bezos isə 224 milyard dollar sərvətlə ilk beşlikdə yer alır.
Turan
NOCOMMENT.az