AZ

Muzdlu döyüşçülər Bakıya təhvil verilməyəcək

Prezident Vladimir Putin Rusiya ordusunun tərkibində Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edən şəxslərin xarici ölkələrə ekstradisiyasından imtinasına əsas verən qanunu imzalayıb.

Yeni qanuna görə xarici dövlətlərin bu cür şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ya hökmün icrası üçün ekstradisiyası ilə bağlı sorğuları imtina üçün əsas olacaq.

Qeyd edək ki, Rusiyanın hərbi birləşmələrində Ukraynaya qarşı müharibədə iştirak edən əcnəbilər sırasında Azərbaycan vətəndaşları da var. Azərbaycan Baş Prokurorluğu bir neçə ay öncə bununla bağlı məlumat yaymış və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq etmişdi. Bu əməllərə görə 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Vətəndaşlarımızın diqqətinə çatdırılır ki, hər hansı bir ideoloji, maddi, şəxsi və sair maraqdan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmək cinayət hesab edilir. Artıq bu növ fəaliyyətlərlə məşğul olan bir neçə vətəndaşımız barəsində müvafiq hökmlər çıxarılaraq həmin şəxslər uzunmüddətli azadlıqdan məhrum etmə cəzalarına məhkum ediliblər. Bu kateqoriyadan olan digər cinayət işləri üzrə isə hazırda ibtidai istintaq davam etdirilir. Rusiyanın bu addım beynəlxalq ekstradisiya mexanizmlərini çətinləşdirir və Rusiya ilə digər dövlətlər arasında hüquqi gərginliyi artırır. Xarici dövlətlərin sorğuları rəsmi olaraq rədd ediləcək, bu da potensial münaqişələrin və diplomatik ixtilafların artmasına yol aça bilər. Qanun Ukrayna müharibəsində iştirak edən əcnəbiləri qorumağa yönəlik açıq siyasi mesajıdır. Bu, Rusiya üçün həm hərbi əməkdaşlıqda cəlbediciliyi artırır, həm də müharibəyə qatılan xarici şəxslərin təhlükəsizliyini təmin edir. Azərbaycan vətəndaşları üçün bu situasiya həm hüquqi, həm də reputasiya baxımından çətinliklər yarada bilər. Xarici ölkələrdə cinayət məsuliyyətinə cəlb olunmaq istəməyən şəxslər Rusiyaya yönələcək, amma bu, daxildə hüquqi məsuliyyətdən azad olmalarını təmin etmir. Dövlətin mövqeyi və proaktiv hüquqi addımlar bu baxımdan əhəmiyyət kəsb edir.

Tanınmış vəkil Cavad Cavadlı Musavat.com-a deyb ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanan bu qanun region ölkələri üçün yeni hüquqi suallar yaradır: “Bu qərar həmin şəxslərin cinayət məsuliyyətindən yayınması demək deyil. Ekstradisiya mexanizminin məhdudlaşdırılması yalnız praktiki çətinlik yaradır, lakin hüquqi məsuliyyəti aradan qaldırmır”.

Vəkilin fikrincə, Rusiyanın yeni qanunu daha çox siyasi və hərbi motivlərlə qəbul olunub: “Bu addım əslində müharibədə iştirak edən əcnəbilərə bir növ hüquqi sipər yaratmaq məqsədi daşıyır. Yəni həmin şəxslərə mesaj verilir ki, Rusiyanın tərəfində döyüşsəniz, sizi başqa ölkələrə təhvil verməyəcəyik”.

Bununla belə, Cavad Cavadlı vurğulayır ki, belə şəxslər üçün hüquqi risklər qalır. Onun sözlərinə görə, əgər həmin şəxslər sonradan başqa ölkəyə səfər edərsə və ya Azərbaycana qayıdarsa, barələrində başlanmış cinayət işləri üzrə məsuliyyətə cəlb olunmaları mümkündür. “Ekstradisiya mümkün olmasa belə, bu o demək deyil ki, cinayət işi bağlanır. Şəxs ölkəyə daxil olduğu anda və ya başqa dövlətin yurisdiksiyasına düşdüyü zaman həbs edilə bilər”, – deyə vəkil qeyd edib.

Vəkil hesab edir ki, yeni qanun beynəlxalq hüquq baxımından da müəyyən gərginlik yarada bilər. Çünki ekstradisiya mexanizmlərinin məhdudlaşdırılması dövlətlər arasında hüquqi əməkdaşlığa mənfi təsir göstərə və diplomatik mübahisələrə səbəb ola bilər”.

E.Məmmədəliyev,
Musavat.com

 

Seçilən
45
musavat.com

1Mənbələr