1980-ci illərin ortalarında SSRİ-nin İrkutsk şəhərində hamının xilaskar həkim kimi tanıdığı, qalın eynəklərin arxasında mehriban gözləri olan təcili yardım işçisi Vasili Kulikin sonradan ortaya çıxan əməlləri insanları dəhşətə gətirib.
O, ziyalı ailəsində dünyaya göz açıb: atası bioloq, anası isə məktəb direktoru işləyib. Vasili iki ay vaxtından əvvəl doğulub, qulaqları inkişaf etməyib və refleksləri çox zəif olub. Odur ki, uşaqlığı daimi mübarizə ilə keçib. Xəstəliklər, həmyaşıdlarının lağ etməsi uşağın psixologiyasına mənfi təsir edib. Atası onu qoruyub gecə gəzintilərinə çıxarıb, amma bu sevgi də oğlanın ruhunda yaranan dərin çatı birləşdirə bilməyib. Vasili məktəbdə ağrısını təbəssümlə, aqressivliyini isə kitabların arxasında gizlətməyi öyrənib. Daha sonra boksla məşğul olub.

Müəyyən müddətdən sonra regional yarışlarda qalib gəlsə də, başından aldığı zədə onun idman karyerasına son qoyub. Beləliklə, o, tibb sahəsini seçib. Özü də insanları müalicə etmək üçün deyil, ağrının necə işlədiyini anlamaq üçün.
Məzun olduqdan sonra Kulik təcili yardım maşınında işləyib. Xəstələr onu tərifləyiblər: əlləri isti, səsi sakit, diqqətcilliyi səmimi olub. Hətta təcili yardım maşınında körpələr dünyaya gətirib və buna görə rəhbərlərindən tərif alıb. Heç kim bu adamın ikili həyat sürdüyündən, gündüzlər həkim, gecələr qatil olduğundan şübhələnməyib.
1980-ci ildə, qatilin özünün etirafına görə, xuliqanlar onu metal parçası ilə döyüb və hər şeyini aparıblar. O, xəstəxanada yeni bir fikirlə oyanıb: dünya ədalətsizdir. Manyak həkim “işinə” əvvəlcə balaca qızlardan başlayıb. Onları zirzəmilərə aparıb, hədiyyələr verib və daha sonra zorlayaraq öldürüb. Eyni zamanda müalicə üçün yaşlı qadınların yanına gedib və ağrıkəsici yerinə, digər dərmanları verib. Ölən insanların son vəziyyəti, çəkdikləri əzabı gündəliyinə yazıb.

Qatilin vəkil olan həyat yoldaşı Marina heç nədən şübhələnməyib. Əri işləyib, bağ evi tikib, ona şokolad verib və bayramlarda ona şeirlər oxuyub. “Qayğıkeş ata”, diqqətli “ər” hətta öz övladlarını soyunduraraq onların üzərində təcrübə aparmaq istəyib. Lakin qadının işdən tez qayıtması manyakın planını pozub.
Zaman keçdikcə ələ keçməyən qatilə görə şəhər qorxu içində yaşamağa başlayıb, bəlanın mənbəyini anlaya bilməyiblər. Uşaqlar yoxa çıxıb, təqaüdçülər “təbii ölümlər”lə dünyadan köçüblər. Milis axtarışı dayandırmayıb, fotoşəkillər dəyişib, nəzəriyyələr ortaya çıxıb, amma Kulik öz işində olub. Çünki o, sistemi daxildən bilib: müstəntiqlərin necə işlədiyini, zəif nöqtələrin harada olduğunu, izlərini necə ört-basdır etməyi. Prokurorluqda bilmədən məlumat paylaşan dostları da olub. Manyak sonradan ifadəsində gülərək deyib: “Mən prokurorluğun bildiyi hər şeyi bilirdim”.
Onlarla insanı öldürəm şəxs təsadüfən ələ keçib. 17 yanvar 1986-cı ildə, 30-cu doğum günündə Kulik çörək almaq adı ilə evdən çıxıb və bir oğlanla tanış olub. Onu yarımçıq bir binaya aparan zaman Kənd Təsərrüfatı Universitetinin aşpazı hadisəni kənardan izləyib və dərhal insanları köməyə çağırıb. O, dindirilmə zamanı əvvəlcə sussa da, sonra peşman olmadan, gülümsəyərək əməllərini etiraf edib. Qatil məlum olan 13 qətl, onlarla hücum haqqında danışıb.

Qurbanların əşyalarını gizlətdiyi yerlərin adlarını çəkib. Müstəntiqlər şoka düşüblər: onların qarşısında canavar yox, sakit, eynəkli bir ziyalı dayanıb.
Lakin etirafdan sonra belə, iş dalana dirənib. Kulikin həyat yoldaşı Marina onun dəhşətli qeydləri olan gündəliyini tapıb və dəftəri yandırıb. İstintaq əsas dəlilləri itirib. Manyakın vəkili parlaq gediş edib: Kulik iddia edib ki, ona böhtan atılıb, Çibinin rəhbərlik etdiyi dəstə tərəfindən manipulyasiya edilib. Hekayə absurd səslənsə də, 1980-ci illərin xaosunda işə yarayıb.

İş təkrarlanan məhkəmə-tibbi ekspertiza müayinələri ilə xilas edilib. Öldürülən şəxsin paltarındakı qan Kulikin paltarındakı qan tipi ilə eyni olub. Oğlanın bədənindəki ayaqqabı izi, düz bir kağız parçasında müqayisə edildikdə, bədənin qabarıq səthi nəzərə alınmaqla, şübhəlinin çəkmələrinə mükəmməl uyğun gəlib. Sonda ay təqvimi əsas rol oynayıb. Müstəntiqlər Kulikini bütün cinayətlərini yeni və ya dolunay zamanı törətdiyini müəyyən ediblər.
Dəlillərdən əsəbiləşən manyak yenidən hər şeyi etiraf edib. 1988-ci ildə məhkəmə onu güllələmə hökmü ilə edam cəzasına məhkum edib. Kulik kamerasında şeir yazıb, müstəntiqlərə açıqcalar göndərib və “ölümdən qorxmamaq üçün” yoqa öyrənib. 26 iyun 1989-cu ildə hökm icra edilib. Onun cəsədi kimsəsizlər qəbiristanlığında dəfn edilib. Mərasimdə qohumlarından heç biri iştirak etməyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün