Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya uranından asılılığını etiraf edib və Özbəkistanı alternativ əsas tədarükçülərdən biri adlandırıb. O, risklərin azaldılması və Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi üçün idxalın şaxələndirilməsinə çağırıb.
Ölkə.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Makron uran istehsal edən digər ölkələr kimi Qazaxıstanı, Monqolustanı, Kanadanı və Avstraliyanı da qeyd edib.
Özbəkistana xüsusi diqqət yetirilməsi ölkənin təsdiqlənmiş uran ehtiyatlarına malik olması və ixrac potensialını fəal şəkildə inkişaf etdirməsi ilə bağlıdır. Son illərdə respublika beynəlxalq şirkətlərlə əməkdaşlığı gücləndirib və enerji təhlükəsizliyi məsələlərində Avropa üçün perspektivli tərəfdaş kimi qiymətləndirilir. Avropa İttifaqı üçün Özbəkistandan tədarük Rusiyadan asılılığı azaltmağa və enerji suverenliyini möhkəmləndirməyə kömək edə bilər.
Makron qeyd edib ki, nüvə energetikası ölkələrin müstəqilliyi və suverenliyi, həmçinin dekarbonizasiya və iqtisadi artım üçün “açar rol” oynayır. O əlavə edib ki, yaxın günlərdə Fransada nüvə siyasəti üzrə şuranın iclası keçiriləcək və dövlətin enerji proqramı əsasında yeni qərarlar qəbul olunacaq.
Beləliklə, Özbəkistanın alternativ uran tədarükçüləri sırasında qeyd olunması ölkənin qlobal bazardakı mövqelərinin möhkəmlənməsi və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.