AZ

İranın Azərbaycana qarşı addımı tamamilə əsassızdır - ​

"İranın Azərbaycanın Naxçıvan bölgəsinə niyə bu cür dron hücumları təşkil etdiyini anlamaq çətindir. Aydındır ki, İran Azərbaycanın dünyanın ən güclü hərbi qüvvəsi olan Amerika Birləşmiş Ştatları, həmçinin başqa bir nəhəng hərbi güc olan İsrail ilə birlikdə hərbi münaqişəyə cəlb olunmasını istəmir".Bu fikirləri Metbuat.az-a açıqlamasında Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. İranın Azərbaycana hücumunu şərh edən diplomat qeyd edib ki, İranın atdığı addımlar o qədər təhrikedicidir ki, Azərbaycan ciddi cavab verə bilər:"Bildiyimiz kimi, Azərbaycan hərbi qüvvələri hazırda İranla sərhədə doğru hərəkət etmək və yüksək döyüş hazırlığı vəziyyətində olmaq barədə göstəriş alıblar. Prezident Əliyev özünün çox kəskin bəyanatında kiminsə İranda niyə Azərbaycana hücum edə biləcəyinə dair bəzi məqamlara toxundu. Prezident Əliyevin dediyi kimi, Azərbaycan ərazisindən heç bir başqa ölkə tərəfindən İrana qarşı hərəkətlər etmək üçün istifadə olunmur. Əlbəttə ki, Prezident Əliyev ad çəkmədən İsraili nəzərdə tuturdu, çünki İran uzun müddətdir Azərbaycanı İsrailə öz ərazisindən İrana qarşı kəşfiyyat və digər əməliyyatlar keçirmək üçün şərait yaratmaqda ittiham edir. Beləliklə, mən Prezident Əliyevin bəyanatını belə başa düşdüm ki, 'bu baş vermir, ona görə də sizin Azərbaycan ərazisinə hücum etməyiniz tamamilə əsassızdır'".Diplomat əlavə edib ki, İranın motivasiyası, əgər bu, rasional və sistematik bir planın hissəsidirsə, qonşu ölkələrdə, onların iqtisadiyyatlarında və beynəlxalq logistika aktivlərində ciddi pozuntular yaratmaq ola bilər:"Məsələn, dünən Türkiyəyə doğru atılan raketin Ceyhan neft terminalına yönəldiyi ehtimal edilirdi. Bilirik ki, İran tərəfindən Körfəz regionunda və Omanda neft və nəqliyyat infrastrukturuna çox sayda hücumlar olub, Dubay limanları da bağlanıb. Beləliklə, bəlkə də məqsəd Azərbaycan cəmiyyətində və iqtisadiyyatında böyük narahatlıq yaradaraq Donald Trampın ağlına belə bir fikir yeritməkdir ki, əgər qlobal tədarük zəncirləri və neft qiymətləri pozulmağa davam edərsə, bu, ABŞ-da Respublikaçılar Partiyasının noyabrda keçiriləcək aralıq seçkilərdəki nəticələrinə zərər verə bilər və nəticədə Prezident Tramp İrana qarşı mövqeyini yumşaldar. Kim bilir".Brayza əlavə edib ki, ən çox ehtimal olunan versiya budur: "Keçmiş ali rəhbər Xameneinin bir neçə həftə əvvəl verdiyi göstərişə əsasən (yuxarı səviyyəli komandirlərin öldürüləcəyi və ya özünün öldürüləcəyi təqdirdə hərbi qərarların aşağı səviyyələrə ötürülməsi barədə), İranın müxtəlif yerlərindəki fərdi komandirlər tərəfindən Azərbaycan, Türkiyə və Kiprə qarşı edilən bu hücumlar vahid bir rasional hərbi planın tərkib hissəsi deyil, sadəcə fərdi qərarlardır. Sonda bir məqamı da qeyd etmək istərdim: Prezident Əliyevin kəskin bəyanatı onun İran tərəfindən şəxsən nə qədər xəyanətə uğradığını hiss etdiyini göstərir. O, bəyanatında qeyd etdi ki, müharibənin başlanğıcında ali rəhbər və digər yüksək vəzifəli İran rəsmiləri öldürüldükdən sonra başsağlığı vermək üçün İran səfirliyini ziyarət edən dünyada yeganə dövlət başçısı olub. Həmçinin, bu gün Prezidentin dediyi kimi, İrandan iranlıların Beyrutdan təxliyəsi üçün Azərbaycanın köməyi istənilib. Prezident Əliyev təyyarə göndərib və deyib ki, "xeyr, biz bunun üçün heç bir ödəmə tələb etmirik, pul ödəməyin". Və cəmi bir neçə saat sonra İran Azərbaycana hücum etdi. Bunun heç bir məntiqi yoxdur. Düşünmürəm ki, bu, Azərbaycanın İrana hücum etmək üçün müharibəyə girməsinə səbəb olacaq. Hesab edirəm ki, Prezident Əliyevin istədiyi sadəcə üzrdür. Bu hücumu İran üçün daha da əks-effektli edən odur ki, Azərbaycan öz hərbi qüvvələrini sərhəddə cəmlədiyi bir vaxtda Vaşinqtondan Prezident Trampın kürd silahlı qruplaşmalarını silahlandırmaq barədə düşündüyünə dair xəbərlər gəlir. Bu qruplaşmalar daha sonra İran ərazisində rejimə hücum edə bilər ki, mən şəxsən bunun çox pis bir fikir olduğunu və İranda ağlasığmaz dərəcədə qeyri-sabitliyə və vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini düşünürəm".

Gülçin Aslanlı

Seçilən
78
metbuat.az

1Mənbələr