AZ

Badam piylənmə zamanı iltihabı azalda bilər - ARAŞDIRMA

Gündəlik badam istehlakı piylənməsi olan insanlarda orqanizmdə iltihabla əlaqəli molekulların səviyyəsini azalda bilər. Bu nəticəyə ABŞ-nin Missuri Universitetinin alimləri gəliblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Altı həftə davam edən klinik tədqiqatda yaşı 30-45 arasında olan və piylənmədən əziyyət çəkən 69 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb. Birinci qrup hər gün 57 qram badam yeyib, ikinci qrup isə eyni kaloriyə malik peçenye ilə qəlyanaltı edib. Bununla yanaşı, bütün iştirakçılar əvvəlki qidalanma rejimini və həyat tərzini dəyişməyib.

Altı həftənin sonunda mütəmadi olaraq badam qəbul edən iştirakçıların qanında bir neçə iltihabi molekulun IL-6, TNF-α və IFN-γ səviyyəsinin azaldığı müəyyən edilib. Bu maddələr xroniki iltihabla əlaqələndirilir və piylənmə zamanı tez-tez müşahidə olunur. Belə iltihabi proseslər isə diabet və ürək-damar xəstəlikləri riskini artırır. Bununla belə, tədqiqat müddətində iştirakçıların bədən çəkisi, qanda qlükoza səviyyəsi, xolesterin göstəriciləri və arterial təzyiqdə ciddi dəyişiklik qeydə alınmayıb.

Tədqiqatçıların sözlərinə görə, badamın iltihabəleyhinə təsiri onun tərkibi ilə bağlı ola bilər. Bu qoz növü doymamış yağlar, qida lifləri, E vitamini və immun sistemini dəstəkləyən bir sıra minerallarla zəngindir. Alimlər qeyd edirlər ki, badamın gündəlik rasiona daxil edilməsi piylənmə ilə əlaqəli iltihabın azaldılması üçün sadə qidalanma üsullarından biri ola bilər. Bununla belə, bu təsirin tam təsdiqlənməsi üçün daha uzunmüddətli və genişmiqyaslı araşdırmalara ehtiyac var.

Nuriyyə NATİQQIZI

 

Seçilən
40
3
redaktor.az

4Mənbələr