AZ

Yel çərşənbəsində ağacların altında dayanaraq niyyət edər, ağacların budaqlarından tutaraq Yel Baba nı çağırardılar...

ain.az bildirir, Bizimyol portalına istinadən.

Novruz bayramı Azərbaycan xalqının milli-mədəni irsində mühüm yer tutan bayramlardan biridir. Novruz bayramı qədim zamanlardan bəri yazın gəlişini, təbiətin yenidən oyanmasını və yeni ilin başlanmasını simvolizə edir. Novruz yalnız bir bayram deyil, həm də xalqın həyat tərzini, dünyagörüşünü və qədim inanclarını əks etdirən, bu günümüzə qədər gəlib çıxan və zaman keçdikcə zənginləşən bir mədəni ənənədir.

Qədim zamanlardan bu günə qədər Novruz bayramına hazırlıq mərhələsi kimi xalq arasında dörd müqəddəs çərşənbə qeyd olunub. Qədim türk və şərq xalqlarının təbiət haqqında təsəvvürləri ilə bağlı olan bu çərşənbələr kainatı təşkil edən dörd əsas ünsürü — su, od, yel və torpağı simvolizə edir.

Artıq iki çərşənbəni geridə qoymuşuq. Bu gün çərşənbələrdən üçüncüsü Yel çərşənbəsidir. Yel çərşənbəsi küləyin oyanmasını, baharın bir qədər də yaxınlaşmasını göstərir. İnanclara görə, bu gün küləklər torpağı oyadır, ağacların tumurcuqlarını hərəkətə gətirir və yazın bir daha yaxınlaşdığından xəbər verir.

Yel çərşənbəsinin tarixi də qədimdir. Elə Novruz qeyd ediləndən çərşənbələr də qeyd edilir. Qədim dövrlərdə insanlar təbiətə, təbiətin ünsürlərinə hörmətlə yanaşır, onları müqəddəs hesab edirdilər. İnsanlar düşünürdülər ki, təbiətdə baş verən hər bir hadisə bir qüvvə tərəfindən idarə edilir. Təbiətin, kainatın, insanın yarandığı dörd ünsür həyatın əsasını təşkil edir və bütün canlıların mövcudluğunu təmin edir. Bu səbəbdən də, qədim türk tayfaları bu ünsürlərə xüsusi yanaşır, onlara xoş olsun deyə müxtəlif mərasimlər keçirirdi. Novruza qədər olan çərşənbələr bu dörd ünsürlə əlaqələndirilir, hər bir ünsürün oyanması şərəfinə müxtəlif ayinlər keçirilirdi. Bu gün qeyd edilən Yel çərşənbəsi küləyin oyanması ilə əlaqələndirilir. İnanclara görə, qış boyu yatan küləklər bu gün azad olur və yer üzünə çıxıb təbiəti oyadır.

Qeyd edək ki, folklorda küləyin xüsusi yeri var. Mifologiyada da külək sadəcə təbiət hadisəsi deyil, eyni zamanda mifoloji varlıq kimi təsvir olunur. Belə ki, mifologiyada küləklə bağlı Yel Baba adlı mifoloji obraz var. İnanclara görə, Yel Baba küləklərin sahibi olmaqla yanaşı, həm də insanların arzularını yerinə yetirən, ehtiyacı olanlara kömək edən bir varlıqdır. Hətta bəzi nağıl və rəvayətlərdə Yel Baba yaşlı bir insan kimi göstərilir.

Folklorumuzda yer altında dörd müxtəlif küləyin olduğuna inanılır və Yel çərşənbəsində həmin küləklərin oyanaraq yer üzünü dolaşdığı iddia edilir. Azərbaycan folklorunda küləklərlə, Yel çərşənbəsi ilə bağlı çoxsayda inanclar var. İnanclara görə, küləklər insan həyatına və təbiətə çox böyük təsir göstərir. Məsələn; inanclara görə Yel çərşənbəsindən sonra əsən küləklər baharın xəbərçisidir. Eyni zamanda küləklərin pislikləri sovurub apardığına da inanılır. Bəzi inanclara görə, bu gün əsən küləklər köhnə ildən qalan bütün pislikləri, uğursuzluqları və xəstəlikləri sovurub aparır. Bəzi inanclara görə isə Yel çərşənbəsində edilən niyyətlər, arzular daha tez həyata keçir. Belə ki, qədim dövrlərdə insanlar külək əsərkən arzu tutar və onun tez həyata keçəcəyinə inanardılar.

Bəzi bölgələrdə insanlar Yel çərşənbəsində ağacların altında dayanaraq niyyət edər, ağacların budaqlarından tutaraq Yel Babanı çağırardılar. İnanca görə əgər külək ağacın budaqlarını tərpətsə, arzular həyata keçərdi.

Yel çərşənbəsinin müxtəlif adət və mərasimləri var. Bu adət və mərasimlər bu günümüzə qədər tam gəlib çıxmayıb. Yəni yazılı şəkildə olsa da, artıq yazıldığı kimi qeyd edilmir.

Yel çərşənbəsinin ən çox yayılmış adət-ənənələrindən biri də tonqal qalamaqdır. İnsanlar tonqalın üzərindən tullanmaqla pisliklərdən və uğursuzluqlardan təmizləndiklərinə inanırlar. İnanclara görə, insanlar tonqalın üzərindən tullanarkən “Ağırlığım-uğurluğum odda qalsın” dedikləri zaman ruhən rahatlıq taparlarmış.

Novruzun dəyişilməz adətlərindən biri də “Papaq atmaq”dır. Novruz çərşənbələrində uşaqlar qapılara papaq ataraq ev sahiblərindən Novruz payı istəyərdilər. Bu adət özündə paylaşmağı ehtiva edirdi.

Digər bir adət isə “qapı pusma” adətidir. İnanca görə, gənclər ürəklərində niyyət edib, danışmadan qapı pusardılar. Eşitdikləri ilk kəlmə arzularının həyata keçib-keçməyəcəyini müəyyən edərmiş.

Yel çərşənbəsində də Novruz bayramında və digər çərşənbələrdə olduğu kimi bayram süfrələri hazırlanardı. Süfrələrdə mütləq müxtəlif şirniyyatlar və çərəzlər olmalı idi. Yel çərşənbəsində hər kəsin adına bir şam yandırılardı.

Azərbaycanın bəzi bölgələrində Yel çərşənbəsində insanlar ölən yaxınlarının məzarını ziyarətə gedir. Onların ruhuna dualar oxuyur, ehsan məqsədilə Novruz şirniyyatlarından aparardılar.

Qeyd edək ki, Yel çərşənbəsi Azərbaycan xalqının folklorunda böyük rola malikdir. İnanclara görə, Yel çərşənbəsi özündə xalqın qədim mifoloji dünyagörüşünü yaşadır.

Yel çərşənbəsi həm də Novruz bayramına hazırlığın ən vacib mərhələsidir. Çünki nənələrimiz məhz Yel çərşənbəsində Novruz üçün şirniyyat bişirməyə başlayardı. Novruz bayramı Azərbaycan xalqının qədim mədəni irsinin mühüm tərkib hissəsidir. Novruza qədər olan çərşənbələr isə xalqımızın adət-ənənələrini özündə ehtiva edir. Qədim miflər, inanclar və adət-ənənələr Novruza və çərşənbələrə xalqımız tərəfindən necə böyük əhəmiyyət verildiyini bir daha göstərir.

Novruz bayramı sadəcə baharın gəlişi deyil, Azərbaycan xalqının dəyişilməz, zaman keçdikcə zənginləşən adət-ənənəsidir. Düzdür, bu gün bu bayram qədim dövrlərdə olduğu qədər təmtəraqlı keçirilmir. Amma adətlərimizin unudulmaması üçün bayramlara böyük önəm verilməlidir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
bizimyol.info

1Mənbələr