Bakı, 10 mart, AZƏRTAC
Dövlətlər arasında davamlı və sabit münasibətlərin formalaşmasında diplomatik etimadın mövcudluğu, iqtisadi və enerji əməkdaşlığı üçün təhlükəsiz regional mühitin yaradılması xüsusi əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizliyin mühüm elementlərindən biri də dövlətlər arasında dini və siyasi hörmətin qorunması, xüsusilə həssas və gərgin məqamlarda bu iradənin açıq şəkildə nümayiş etdirilməsidir. Bu amillər qarşılıqlı inamın formalaşmasına və mümkün böhranların diplomatik yollarla idarə olunmasına imkan yaradır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Naxçıvana edilən dron hücumu regional təhlükəsizlik mühitində gərginliyi artıran hadisə kimi qiymətləndirilə bilər. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi vəziyyətin daha da kəskinləşməsinin qarşısını almaq, dialoq imkanlarını qorumaq məqsədilə diplomatik və humanitar addımlar atmağa üstünlük verir. Bunu rəsmi Bakının regionda məsuliyyətli və balanslaşdırılmış siyasət yürütmək niyyətinin göstəricisi kimi dəyərləndirmək olar. Azərbaycan Prezidentinin İranın yeni Ali Rəhbərini təbrik etməsi də bu kontekstdə xüsusi diqqət çəkir. Bu addım yalnız diplomatik protokol çərçivəsində atılmış formal jest kimi deyil, eyni zamanda, İranın dini və siyasi elitası ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş strateji mesajdır. Belə jestlər qarşı tərəfdə etimad mühitinin formalaşmasına xidmət edir və iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi üçün mühüm diplomatik alət rolunu oynayır.
“Paralel olaraq, İrana göndərilən 30 tona yaxın humanitar yardım da yalnız humanitar xarakter daşımır, eyni zamanda, siyasi məzmun daşıyan bir mesajdır. Humanitar yardımın göndərilməsi gərginliyin azaldılmasına töhfə verməklə yanaşı, Azərbaycan-İran dialoqunun davamlılığını və Azərbaycanın regionda əməkdaşlığa açıq tərəfdaş kimi çıxış etdiyini göstərir. Hər iki dövlətin regional sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik baxımından ortaq maraqlarının mövcudluğu münasibətlərin gələcək inkişafı üçün əsas zəmindir”, - deyə Y.Hacıyeva vurğulayıb.
O bildirib ki, bütün bu addımlar Azərbaycanın həm qısamüddətli gərginliyin idarə olunmasına, həm də uzunmüddətli strateji əməkdaşlığın qorunmasına xidmət edən siyasət yürütdüyünü göstərir. “Nəticə etibarilə, hazırkı mərhələdə Azərbaycan-İran münasibətlərində müəyyən epizodik gərginliklərin müşahidə olunmasına baxmayaraq, diplomatik jestlər və düşünülmüş strateji addımlar vasitəsilə bu münasibətlər balanslaşdırılmış və ehtiyatlı siyasət çərçivəsində idarə olunur. Bu yanaşma regional stabilliyin qorunması, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və ümumilikdə geosiyasi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə Y.Hacıyeva əlavə edib.