AZ

İpotekanı ödəyə bilmirsinizsə, mütləq bu addımı atın… KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ev sahibi olmaq bu gün bir çox vətəndaşın əsas məqsədlərindən biridir. Bu məqsədə çatmaq üçün ən geniş istifadə olunan vasitələrdən biri ipoteka kreditidir. Lakin bəzən borcalanın maliyyə vəziyyəti pisləşir və aylıq ödənişləri vaxtında etmək mümkün olmur. Belə hallarda ipoteka ilə alınmış mənzilin taleyi necə olur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, belə vəziyyətlərdə əsasən iki yol mövcuddur.

Onun sözlərinə görə, əgər vətəndaş uzun müddət ipoteka borcunu ödəyə bilmirsə, kredit təşkilatı ilə razılığa gələrək ipotekada olan mənzili özü sata bilər:

“Vətəndaş bankla danışaraq razılaşa bilər ki, ipotekada olan evi satsın və əldə olunan vəsait hesabına borcu bağlasın. Bu halda borc ödənildikdən sonra qalan məbləğ vətəndaşa qaytarılır”.

Hüquqşünas qeyd edib ki, digər variant isə məsələnin məhkəmə qaydasında həll edilməsidir. Bu halda bank borcun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

“Əgər vətəndaş uzun müddət ödəniş etmirsə, bank məhkəməyə müraciət edir. Məhkəmə ipotekaya qoyulmuş mənzilin satılaraq borcun ödənilməsi barədə qərar çıxara bilər. Bu qərardan sonra mənzil hərraca çıxarılır və satışdan əldə olunan vəsait hesabına bankın borcu bağlanır. Qalan məbləğ isə vətəndaşa verilir”, – deyə o, bildirib.

Toğrul Məmmədovun sözlərinə görə, vətəndaş üçün ən sərfəli yol mənzili özü satmasıdır:

“Çünki vətəndaş evi sərbəst şəkildə daha baha qiymətə sata bilir. Hərrac zamanı isə qiymət adətən daha aşağı olur. Buna görə də vətəndaşın evi özü satması daha az ziyanla nəticələnir”.

Mütəxəssis vətəndaşlara maliyyə çətinliyi yarandığı halda bankla vaxtında danışıq aparmağı və vəziyyəti hüquqi müstəviyə keçirmədən həll etməyə çalışmaları tövsiyə edir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
konkret.az

2Mənbələr