AZ

İran qadın futbolçularını ölkəyə qayıtmağa çağırdı

İranın Baş Prokurorluğu qadın futbol üzrə yığma komandanın üzvlərinə müraciət edərək onları ölkəyə qayıtmağa çağırıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, qurumun yaydığı açıqlamada futbolçuların “ailələrinin narahatlıqlarını aradan qaldırmaq” və “ölkənin düşmənlərinin əlbirliyinə qarşı ön cəbhədə olmaq” üçün İrana qayıtmasının vacibliyi vurğulanıb.

Rəsmi bəyanatda qeyd olunub ki, komandanın bəzi üzvləri son günlər yaranmış gərgin vəziyyətin təsiri altında emosional qərarlar veriblər. Prokurorluq iddia edir ki, bu addımlar “düşmən qüvvələrin fitnəsi və təxribatı nəticəsində yaranmış psixoloji gərginlik” fonunda baş verib.

“Qadın futbol komandamızın bəzi üzvləri düşmənin əlbirliyi və fitnəsinin yaratdığı emosional gərginlik nəticəsində qeyri-ixtiyari elə davranıblar ki, bu da ABŞ və İsrail rəhbərlərində xəyali bir həyəcan yaradıb”, – deyə açıqlamada bildirilib.

Bununla yanaşı, bəyanatda diqqət çəkən məqamlardan biri də komandanın azı beş üzvünün Avstraliyada sığınacaq istəməsi ilə bağlı məlumatın rəsmi şəkildə qeyd olunmamasıdır. Xarici media isə yazır ki, İran qadın yığmasının bəzi futbolçuları beynəlxalq yarışlar üçün ölkədən kənarda olduqları vaxt geri qayıtmaqdan imtina edərək Avstraliyada siyasi sığınacaq almağa müraciət ediblər.

Məlumata görə, bu qərarın arxasında həm ölkədəki siyasi vəziyyət, həm də qadınların idman və ictimai həyatda üzləşdiyi məhdudiyyətlər dayanır. Son illərdə İranda qadın idmançıların ölkəni tərk etməsi halları artıb və bu mövzu beynəlxalq mediada geniş müzakirə olunur.

Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr