AZ

Misirdə yanacağın qiyməti kəskin artıb

Qahirə, 10 mart, AZƏRTAC

Neft və qazın qlobal qiymətlərinin artması, həmçinin İran ətrafında baş verən hərbi əməliyyatlar nəticəsində Yaxın Şərqdə istehsalın dayanması fonunda Misirdə bir sıra neft məhsullarının qiyməti artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Neft Nazirliyi məlumat yayıb.

“Bu addım Yaxın Şərq regionunda baş verən geosiyasi proseslərin yaratdığı fövqəladə vəziyyət və onların qlobal enerji bazarlarına birbaşa təsiri nəzərə alınaraq atılıb”, - deyə nazirliyin bəyanatında bildirilir.

Qeyd edək ki, martın 3-də Misirin Baş naziri Mustafa Mədbuli müharibə səbəbindən qlobal yanacaq qiymətlərində kəskin artım baş verdiyi təqdirdə Misirin “fövqəladə tədbirlərə” əl ata biləcəyini demişdi. Müharibə səbəbindən Yaxın Şərqdən enerji ixracının dayanması fonunda dünya üzrə neft və qaz qiymətləri artmaqda davam edir. İran neft-qaz tankerlərinə və obyektlərinə hücumlar həyata keçirir. Bu səbəbdən Hörmüz boğazının bağlanması regionda yanacaq istehsalının dayanmasına səbəb olub.

Misirdə qiymət artımı geniş çeşiddə neft məhsullarını əhatə edir və 14–17 faiz arasında dəyişir. Ən çox istifadə olunan yanacaq növlərindən biri olan dizelin qiyməti 3 funt artaraq 17,50 funtdan 20,50 funta (0,3887 dollar) yüksəlib. Benzinin qiymətləri isə növündən asılı olaraq 16,9 faizə qədər artıb.

Qeyd edək ki, bu, cari ildə ilk artımdır. Sonuncu dəfə ötən ilin oktyabrında oxşar artım edilmiş və qiymətlər 10,5–12,9 faiz yüksəlmişdi.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
29
1
azertag.az

2Mənbələr