AZ

Ukrayna rusiyalı hakimlərə qarşı yeni sanksiyalar tətbiq edib

Ukrayna rusiyalı hakimlərə qarşı yeni sanksiyalar tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytı məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) rusiyalı hakimlərə qarşı yeni sanksiyaların tətbiqi və bəzi mövcud məhdudiyyətlərin müddətinin uzadılması barədə qərarlarını qüvvəyə mindirən fərmanlar imzalayıb. Yeni sanksiya siyahısına ümumilikdə 41 hakim daxil edilib ki, onlardan 38-i Rusiya vətəndaşı, 3-ü isə kollaborantdır.

Bildirilir ki, həmin şəxslər ukraynalı hərbi əsirlər barəsində “qanunsuz hökmlər çıxarmaqda”, həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləməkdə və ona bəraət qazandırmaqda ittiham olunurlar.

Bundan əlavə, 11 Rusiya şirkətinə qarşı tətbiq olunan və müddəti başa çatan sanksiyaların vaxtı uzadılıb. Qeyd edək ki, sözügedən müəssisələrə qarşı ilk məhdudiyyətlər 2021 və 2023-cü illərdə tətbiq edilmişdi.

Sanksiyalar aktivlərin dondurulması, ticarət əməliyyatlarının məhdudlaşdırılması və digər iqtisadi qadağaları nəzərdə tutur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
38
interpress.az

1Mənbələr