AZ

Bayram bahalaşması: Günah kimdədir?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bayram ərəfəsində əksər hallarda bazarlarda ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. 

Hətta bəzi məhsulların qiyməti ikiqat yüksəlir. Adi vaxtlarda daha ucuz satılan bəzi ərzaq məhsullarının qiymətlərində də bayram ərəfəsində ciddi artım olur.

Maraqlıdır ki, adi vaxtlarda daha ucuz satılan ərzaq məhsullarının qiyməti bayram vaxtı niyə bu qədər artır? 

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, bayram ərəfəsində ərzaq məhsullarının qiymətlərinin artmasının əsas səbəbi bu məhsullara tələbatın artmasıdır. 

Onun sözlərinə görə, bayram günlərində insanlar daha çox alış-veriş edir və bayram süfrəsi üçün müxtəlif məhsullar alırlar: 

“Azərbaycan xalqının xüsusi qeyd etdiyi bayramlar əsasən Yeni il və Novruz bayramlarıdır. Bu bayramlar zamanı qeyri-iş günlərinin sayı artır və insanlar daha çox qonaqlıqlara gedərək bayramları xüsusi şəkildə qeyd edirlər. 

Məhsullara tələbatın artması səbəbindən normalda ucuz satılan bəzi ərzaq məhsullarının qiymətlərində məhz bayram vaxtı artım müşahidə olunur. Bəzən satıcılar da bu vəziyyətdən sui-istifadə edir. 

Məsələn, satıcı düşünür ki, bu məhsulu 25 manata satıb alıcı tapıramsa, niyə 16 manata satım?” 

Bəzi məhsullarla bağlı isə mövsüm amili rol oynayır:

“Belə ki, bəzi məhsullar məhz yaz aylarında satışa çıxarılır və bu zaman həmin məhsullara tələbat artır. Bir sıra məhsullarda daxili tələbat tam təmin olunmadığı üçün onlar xaricdən idxal edilir. 

Məsələn, bayram ərəfəsində daha çox alınan çərəz məhsulları əsasən xaricdən gətirilir və bu səbəbdən də onların qiymətində artım daha çox müşahidə olunur. Bazarda qiymətlər əvvəlcədən müəyyən edilmir. 

Hər hansı dövlət qurumu bazarda məhsulların qiymətini birbaşa tənzimləmir. Qiymətləri bazar özü formalaşdırır və bayram günlərində alıcıların sayı artdığı üçün satıcılar buna uyğun qiymət müəyyənləşdirir”.

Ekspert bildirir ki, bayram ərəfəsində satış yerlərinin icarə haqqı da arta bilir. “Qiymət artımının qarşısını almağın əsas yolu həmin məhsulların ölkə daxilində kütləvi şəkildə istehsalının təmin olunmasıdır. Bu zaman rəqabət amili güclənəcək və qiymətlərə də müsbət təsir göstərəcək. 

Hansısa xüsusi qanun və ya tənzimləmə ilə bazarda qiymətlərin müəyyənləşdirilməsi isə düzgün deyil. Xüsusilə bayram günlərində süfrələri bəzəyən məhsulların qiymətində daha çox artım müşahidə olunur.

Məsələn, qoz, fındıq, meyvə, tərəvəz, quş əti, şirniyyat və quru meyvə kimi məhsullar bahalaşır”. 

Ekspert qeyd edir ki, adi vaxtlarda qoz və fındıq 5–8 manata satılırsa, bayram günlərində onların qiyməti 14–15 manata qədər yüksəlir. 

Quru meyvələrin qiyməti əvvəl 6–10 manat arasında dəyişirdisə, bayram vaxtı 14–15 manata qədər artır. Quş əti və mal ətinin qiymətlərində də artım müşahidə olunur:

“Bayram günlərində ərzaq məhsullarının qiymətlərinin artmasının əsas səbəbi bu məhsullara tələbatın daha çox olmasıdır”. 

Aişə Abdulova 

“Cebheinfo.az”

Açar sözlər:

ərzaq məhsulları Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr