AZ

"Azərbaycan dili suallarının üzərində o qədər işləyiblər ki, riyaziyyata, ingilis dilinə vaxt ayıra bilməyiblər"

"Bu ilki imtahan 2023-dəki ssenarini təkrarladı. Yəni iki il bundan qabaq, 2023-də düşən imtahan sualları və imtahan modelləri bu il də demək olar ki, eyni vəziyyətdə, eyni problemlərlə yaşandı. Dövlət İmtahan Mərkəzi bu vəziyyəti niyə yaradır, bu mənzərəyə niyə nəzarət etmir, bilinmir. Amma şagirdlərin, abituriyentlərin hardasa 70-80 faizi eyni fikri səsləndirir, hətta bəlkə də daha çoxu eyni fikirdən çıxış edir".

Bu sözləri dünən keçirilən 11-ci siniflərin buraxılış imtahanından Redaktor.az-a danışan təhsil eksperti Elçin Murad bildirdi. O əlvə etdi ki, təhsil sahəsində çalışan mütəxəssislər imtahanın çətin olduğunu vurğulayırlar:

"Dövlət İmtahan Mərkəzi burada nəyi göstərməyə çalışırdı, nəyi sübut etməyə çalışırdı, uşaqlara, abituriyentlərə nəyi diktə etməyə çalışırdı, bilmirəm. Amma buraxılış imtahanını bu dərəcədə çətin, bu dərəcədə məzmunlu və düşündürücü şəkildə hazırlamağın heç bir mahiyyəti və əhəmiyyəti yoxdur. Çünki burada hər kəs üçüncü qrup səviyyəsində hazırlaşmır. Birinci, ikinci və dördüncü qrup səviyyəsində hazırlaşanlar da var. Buraxılış imtahanına kollecə sənəd verən, beşinci qrupa sənəd verən abituriyentlər də hazırlaşır. Halbuki onlar bu fənlərə daha primitiv və daha səthi səviyyədə hazırlaşıblar, dərin şəkildə yox. Üçüncü qrupa hazırlaşan abituriyentlə beşinci qrupa və ya kollecə sənəd vermək istəyən abituriyent arasında, təbii ki, fərq olmalı idi. Dövlət İmtahan Mərkəzi bunu nəzərə almalı idi. Amma 2023-dəki vəziyyət yenidən təkrarlandı".

Müsahibimizin sözlərinə görə, imtahanda Azərbaycan dili sualları çətin salınıb.

"Çətin deməyək, suallarda çətinlik məsələsi yox idi, sadəcə suallar üzərində işləmək üçün vaxt məsələsi var idi. Abituriyentlərin hər biri ilə danışanda hamısı eyni şeyi deyir. Onlar bildirir ki, əgər bizə dörd saat vaxt verilsəydi, yazardıq, amma üç saata çatdıra bilmədik. Hətta bəzi abituriyentlər var ki, Azərbaycan dili suallarının üzərində o qədər işləyiblər ki, riyaziyyat və ya ingilis dili üzrə işləmək üçün vaxt ayıra bilməyiblər. Yəni Azərbaycan dilinin yaratdığı problem digər fənlərə də avtomatik təsir edib. Bu vəziyyətin bu formaya salınmasının və belə bir nəticəyə gətirib çıxarılmasının nə məqsədi var idi, burada nə mənası var idi, bilmirəm. Amma bu ilki imtahanlar belə bərbad bir vəziyyət aldı. Ümid edirəm ki, Dövlət İmtahan Mərkəzi bunların hamısını nəzərə alacaq və 15 mart imtahanında, həmçinin 19 aprel imtahanında suallarda müəyyən düzəlişlər edəcək, sualların səviyyəsinə müəyyən əl gəzdirildikdən sonra imtahan keçiriləcək. Əks halda bu il həm balların aşağı düşməsinə səbəb olacaq, həm də buraxılış imtahanında çətinlik səbəbindən uşaqlar bal toplaya bilmədiyi üçün blok imtahanında müəyyən güzəştlərə gediləcək. Blok imtahanında da müəyyən güzəştlərə gedildiyi zaman artıq ümumi balans pozulur. Əks halda blok imtahanı da çətin olsa və sırf qrup imtahanı kimi öz səviyyəsinə uyğun suallarla qarşımıza çıxsa, onda bu il ballarda müəyyən qədər enmə olacaq. Hətta “müəyyən qədər” demək də az olar bəzi ixtisaslarda balların 50-60 bala qədər enməsi baş verə bilər", - deyə Elçin Murad yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
92
1
redaktor.az

2Mənbələr