AZ

“Müctəba Xameneinin ‘daşınmaz əmlak imperiyası’: Sanksiyaları necə aşdı?”

“ABŞ və İsrail hücumlarında öldürülən Əli Xameneinin oğlu, Müctəba Xamenei qanunsuz  şirkətlər və üçüncü şəxslər vasitəsilə daşınmaz əmlak şəbəkəsi qurmağı bacarıb.”

İranın yeni dini lideri Müctəba Xameneinin Torontodan Frankfurta, Dubaydan Londona qədər dünyanın müxtəlif yerlərində daşınmaz əmlak yatırımları etdiyi iddia olunur.

“Bloomberg”-in araşdırmasına görə, Xamenei sanksiyaları üçüncü şəxslər vasitəsilə aşaraq xaricdə dəyəri 400 milyon avroya çatan “mülk imperiyası” qurub. Bildirilir ki, daşınmaz əmlak şəbəkəsindəki heç bir aktiv onun öz adına qeydiyyata alınmayıb.

Yeni ayətullahın portfelində Londondakı lüks daşınmaz əmlaklar, Dubayda bir villa, həmçinin Frankfurtda və Mallorkada lüks hotellər var.

Mülklərin alınmasında istifadə olunan vəsaitlərin böyük hissəsinin İranın neft gəlirlərindən əldə edildiyi, pulların Böyük Britaniya, İsveçrə, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindəki maliyyə qurumları vasitəsilə qanunsuz şirkətlər üzərindən köçürüldüyü bildirilir.

Almaniyanın maliyyə mərkəzi olan Frankfurtdakı 5 ulduzlu Hilton Frankfurt Gravenbruch oteli rəsmi qeydlərə görə 2011-ci ildən bəri iranlı iş adamı Əli Ənsarinin bir ortağı ilə əlaqəli qurumlar tərəfindən idarə olunur. Otel 2024-cü ildə Hilton şirkətinin idarəsinə keçib.

Xamenei ilə yaxın əlaqələri olduğu deyilən bankir Ənsari İran İnqilab Keşikçilərini maliyyələşdirdiyi iddiası ilə ötən il Böyük Britaniya tərəfindən sanksiya siyahısına salınmışdı.

Ənsari isə vəkili vasitəsilə verdiyi açıqlamada İnqilab Keşikçiləri və ya Müctəba Xamenei ilə hər hansı əlaqəsinin olmadığını bildirib.

Telegraph-ın məlumatına görə, Xamenei Londonda İsrail səfirliyinin yaxınlığında yerləşən iki lüks mənzilin də sahibidir.

Bildirilir ki, Ənsari ilk mənzili 2014-cü ilin martında 16,75 milyon funt sterlinqə, ikinci mənzili isə 2016-cı ilin noyabrında 19 milyon funt sterlinqə alıb.

Kensinqton sarayına yaxın yerləşən bu mülklərin bugünkü ümumi dəyərinin təxminən 50 milyon funt sterlinqə çatdığı qeyd olunur.

ABŞ-da fəaliyyət göstərən Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun eksperti Fərzin Nədimi Bloomberg-ə belə deyib:

“Müctəba İran daxilində və xaricdə müxtəlif qurumlarda mühüm paylara və ya faktiki nəzarətə malikdir. Onun maliyyə şəbəkəsi araşdırıldıqda hesabların əsas sahibinin Əli Ənsari olduğu görünür. Bu da Ənsarini hazırda ölkədə ən təsirli oliqarxlardan birinə çevirir.”

57 yaşlı Ənsari 2013-cü ildə Tehrandakı dünyanın ən böyük ticarət mərkəzi olan Iran Mall-un tikintisini maliyyələşdirən Ayəndeh Bankını yaratmışdı. Bank ötən ilin oktyabrında iflas edib və aktivləri İran Mərkəzi Bankının qərarı ilə dövlətə məxsus Melli Banka verilib.

Bloomberg-in təhlilində qeyd olunur ki, Xameneinin qanunsuz  şirkətlər və üçüncü şəxslər vasitəsilə daşınmaz əmlak alması “İran elitasının kapitalının xaricə necə çıxarıldığını göstərir”.

ABŞ və İsrailin 28 fevralda keçirdiyi birgə hərbi əməliyyatda İranın dini lideri Əli Xamenei və İnqilab Keşikçilərinin yüksək vəzifəli şəxsləri öldürülmüşdü.

Yeni lideri seçmək səlahiyyətinə malik 88 din xadimindən ibarət Ekspertlər Şurası 8 mart tarixli açıqlamasında Müctəbanın “böyük səs çoxluğu ilə” bu vəzifəyə seçildiyini bildirmişdi.

ABŞ prezidenti Donald Tramp isə Əli Xameneinin oğlu Müctəbanın hakimiyyətə gəlməsindən məmnun olmadığını bildirərək, “Ona deyəcək heç nəyim yoxdur” demişdi.

Seçilən
63
veteninfo.az

1Mənbələr