Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi sabiq prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın həbs edilməsi barədə qərar çıxarıb.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Məhkəməsinin mətbuat katibi Armine Novruzyan açıqlama verib.
Onun sözlərinə görə, istintaq orqanı fevralın 24-də məhkəməyə həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət verib. Martın 10-da hakim Sarkis Petrosyan vəsatəti təmin edib.
Məlumatda qeyd edilir ki, ərizə təqdim edildiyi gün təqsirləndirilən şəxsin harada olduğu məlum deyilmiş. Təqdim olunmuş materialları nəzərdən keçirdikdən və qaçış risqinin yüksək olduğunu nəzərə alaraq, məhkəmə həbs qətimkan tədbiri seçməyi qərara alıb.
Aleksandr Sarkisyanın harada olduğu müəyyən edilərsə və onun Ermənistan yurisdiksiyasında olduğu məlum olarsa, həbs məsələsinə yenidən baxılacaq. Aleksandr Sarkisyan xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.