AZ

Pezeşkiandan Bakı və Ankaraya gələn zəngin pərdəarxası Hücum əmrini kim verib?

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Regionda artan gərginlik fonunda Naxçıvana endirilən dron zərbələri və Türkiyə ərazisində vurulan raketlərlə bağlı yeni müzakirələr gündəmə gəlib. İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında hücumların İrandan həyata keçirilmədiyini bildirib. Hətta bunu sübut etmək üçün birgə komissiya yaradılmasını və araşdırma aparılmasını da təklif edib.

İranın belə iddialı mövqeyi nəyə hesablanıb?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, İranın Azərbaycan və Türkiyəni hədəfə alması qəbuledilməzdir:

“Hər iki ölkə bu məsələ ilə bağlı Tehrana sərt etirazını bildirib və ərazilərindən İrana qarşı hücumlar üçün istifadə olunmadığını, bundan sonra da istifadə edilməyəcəyini açıqlayıb. İran tərəfi məsuliyyəti üzərindən götürməyə çalışsa da, Pezeşkianın gərginliyi azaltmaq məqsədilə həm Türkiyə, həm də Azərbaycan prezidentləri ilə telefon danışığı aparması müsbət haldır. Bu zənglərin müəyyən gecikmə ilə baş tutmasına baxmayaraq, münasibətlərin normallaşması baxımından əhəmiyyətli addımdır.

Rəsmi Tehran hələ də raketlərin İrandan atılmadığını iddia edir. Lakin müasir texnologiyalar, peyk sistemləri raket və dronların hansı ərazidən buraxıldığını dəqiq müəyyən etməyə imkan verir, yəni onların İran ərazisindən göndərildiyini müəyyənləşdirmək çətin deyil. Nəzərə almaq lazımdır ki, İran Prezidentinin ölkənin silahlı qüvvələri, xüsusilə də SEPAH üzərində təsir imkanları məhduddur. SEPAH daxilində həm Türkiyəyə, həm də Azərbaycana qarşı düşmən mövqedə olan və münaqişəni regiona yaymaq istəyən qüvvələrin mövcudluğu istisna edilmir. Azərbaycana qarşı dron hücumundan sonra SEPAH-a yaxın teleqram kanallarında bu zərbələrin onların etdiyi barədə məlumatların yayılması və hücumların davamının olacağına dair açıqlamalar bu ehtimalları gücləndirir”.

Oqtay Qasımov

Politoloq bildirib ki, Məsud Pezeşkianın İlham Əliyev və Rəcəp Tayyip Ərdoğanla telefon danışığı diplomatik addımdır:

“Bu addım gərginliyin azalmasına və münasibətlərin müəyyən səviyyədə saxlanmasına xidmət edir. Bunun nəticəsində Azərbaycanla İran arasında yük maşınlarının hərəkəti bərpa olunub, Naxçıvan hava limanı da fəaliyyətini yenidən başlayıb. Araşdırmalara gəlincə, Azərbaycanla Türkiyə raket və dronların haradan buraxıldığının dəqiq müəyyənləşdirilməsinin tərəfdarıdır. Əgər bu hücumlar İran ərazisindən həyata keçirilibsə və İran rəhbərliyinin bundan xəbəri olmayıbsa, bu, ölkə daxilində başqa qüvvələrin də fəaliyyət göstərdiyini sübut edir. Bu isə ilk növbədə Tehran üçün ciddi təhlükəsizlik problemi deməkdir. Ümumilikdə, baş verən hadisələrlə bağlı həqiqəti müəyyənləşdirmək elə də çətin deyil. Qeyd etdiyim kimi, müasir texnologiyalar, peyk müşahidə sistemləri raket və dronların uçuş istiqamətlərini dəqiq müəyyən etməyə imkan verir”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
globalinfo.az

1Mənbələr