AZ

Fərəc Quliyev: İranın Azərbaycana qarşı institutlaşmış düşmənçilik siyasəti var və Azərbaycanın güclü dövlət olmasını istəmir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Xarici İşlər Nazirliyi Naxçıvan aeroportu ətrafında dron hücumunda Tehranın iştirakını təkzib edib. “İran qonşu ölkələrə zərbə endirmir. Bu insident ciddi şəkildə araşdırılmalıdır. İran İslam Respublikasının müdafiə strategiyası seçici xarakter daşıyır. Zərbələr yalnız İranın rəqiblərinin hərbi bazalarının yerləşdirilməsi üçün öz ərazisini təqdim edən dövlətlərə endirilə bilər”, – deyə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi müsahibəsində bildirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran Naxçıvana bilərəkdən zərbə vurdu. Fərəc Quliyev hesab edir ki, buna görə də elə əvvəldən müəyyən hazırlıqlar da var idi: “Xatırlayırsınızsa, bir vaxtlar cəfəngiyat danışırdılar ki, "Azərbaycan ərazisində İsrail bazaları var" və bizim prezident də Araz kənarında əlini tutub deyirdi ki, "baxın, burada bir tikili belə yoxdur. Siz bazalardan danışırsınız. Bu gün İran Azərbaycan ərazisinə zərbə endiribsə, bunun altından heç cür çıxa bilməz. Kim etdirə bilər ki? Onun ərazisindən dron göndərilib. Bizim hava limanımızı vurublar”.

Fərəc Quliyev

Fərəc Quliyev hesab edir ki, İran tərəfinin düşünülmüş siyasətidir: “İranın Azərbaycana qarşı institutlaşmış düşmənçilik siyasəti var və Azərbaycanın müstəqil dövlət kimi güclü olmasında maraqlı deyil. Hətta dövlət kimi mövcud olmasında maraqlı deyil. Onlar 44 günlük müharibə ərzində özlərini necə apardığını gördük. Bizim ordunun Araz kənarında qarşısını kəsdilər. O da düşünülmüş şəkildə olmuş hadisədir. Bəlkə ondan da xəbərləri yoxdur, Tehranın xəbəri yoxdur? Bütün dövrlərdə separatçılara Qarabağa göndərdikləri yanacaq maşınları, raketlər onları hazırlayan təlimatçılar, onlardan da bəlkə xəbərləri yoxdur? Yaxud Gürcüstan, heç dəbilqələri belə öz ölkəsindən Ermənistana buraxmadı. Amma İran “M2” yolu Mehri üzərindən 900 ton silah-sursatı Ermənistana daşıdı. Bütün bunlar yaxın keçmişin məsələləridir”.

“İran bilərəkdən Azərbaycan ərazisinə hücum edib və bu hücum həm xəbərdarlıq, həm qorxutmaq, həm də bəlkə buradakı hücrələrinə, buradakı şəbəkələrinə bir işarə kimi də bunu edib. Proksi qüvvələrini müəyyən yerlərdə fəallaşdırmaq üçün işlər görür. Naxçıvana hücumdan bir neçə gün əvvəl də Türkiyə ərazisinə raket atıb. Baxmayaraq ki, Türkiyə də qonşuluq siyasətində yumşaq münasibət bəsləyir. Biz də İrana qarşı sıfır problemli qonşuluq siyasəti yürüdürdük. Cidanı çuvalda gizlətmək olmaz. Bu dövlət bizə düşməndir. İran bir imperiyadır və Azərbaycan xalqının 50 milyonu, yəni İran ərazisinin 52 faizi orada işğal altındadır. Biz orada güney azərbaycanlıların azadlığa çıxması üçün çalışmalıyıq, açıq şəkildə dəstək verməliyik”-deyən Fərəc Quliyev bildirib.

“Türkiyə və Azərbaycan artıq masaya yatırmalıdır ki, ordularımız orada olan Azərbaycan türklərinə qarşı basqılar olan zaman daxil olmalıdır və orada müəyyən bufer zonanı - Güney Azərbaycanı İranın qalan hissəsini ayırmalıdır və onların orada həyatlarını xilas etməlidir. Ciddi şəkildə davranış olmalıdır. Bu gün, ya sabah Güney Azərbaycan onsuz da müstəqil olacaq. Orada hərəkat başlayacaq. Hesab edirəm ki, Güney Azərbaycan milli azadlıq hərəkatına dəstək vermk zamanıdır. Artıq İran imperiyası çökür. İstəsə də, istəməsə də bu hadisələrdən salamat çıxmayacaq. İran parçalanacaq. Biz qonşu dövlət olaraq, burada müşahidəçi qismində qalmalı deyilik. Biz Güney Azərbaycan türklərinin öz müstəqilliyinə nail olmasına dəstək verməliyik. Bu, həm də bizim bufer zona yaratmaq və özümüzü müdafiə etmə sistemimizdir. Heç nə etmədiyimiz halda başımıza bomba yağdırırlarsa, bizim başqa seçimimiz yoxdur”-deyən Fərəc Quliyev hesab edir ki, açıq şəkildə münasibət bildirmək lazımdır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
icma.az

1Mənbələr