AZ

Tehrana “qara yağış” yağdı – Azərbaycan üçün də təhlükə…

Tehranda müşahidə olunan “qara yağış” fenomeni regionda ciddi ekoloji narahatlıq yaradıb. Ekoloqlar bildirirlər ki, paytaxt üzərindəki yüksək səviyyəli hava çirklənməsi nəticəsində yağan bu yağışın tərkibində müxtəlif zəhərli maddələr mövcuddur və atmosfer axınları vasitəsilə digər ölkələrin ərazilərinə doğru hərəkət edə bilər.

NOCOMMENT.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə Tehran şəhərində sənaye tullantıları, yanma məhsulları və müharibə nəticəsində yaranan çirklənmə fonunda formalaşıb. Bildirilir ki, atmosferdə toplanmış zərərli hissəciklər yağış damcıları ilə birlikdə yerə düşərək qara rəngli yağıntı effekti yaradıb.

Ekoloqların fikrincə, belə yağışlar adətən havada toplanan kül, his, ağır metallar və digər kimyəvi birləşmələrin yüksək konsentrasiyası nəticəsində yaranır. Bu maddələr torpaq və su mənbələrinə düşərək ekosistemlərə və insanların sağlamlığına təhlükə yarada bilər.

Telman Zeynalov

Məsələ ilə bağlı ekoloq Telman Zeynalov NOCOMMENT.az-a açıqlamasında bildirib ki, belə halların baş verməsi regionda atmosferin ciddi şəkildə çirkləndiyini göstərir:

“Qara yağış adlandırılan hadisə əsasən havada yüksək konsentrasiyada toplanmış toz, his və kimyəvi maddələrin yağışla birlikdə yerə düşməsi nəticəsində yaranır. Bu, çox vaxt sənaye tullantıları, yanacaq yanması və böyük yanğınlar nəticəsində formalaşır. Tehran kimi iri sənaye və nəqliyyat mərkəzlərində belə hadisələr daha çox müşahidə oluna bilər. Əgər atmosferdə zəhərli hissəciklərin miqdarı yüksəkdirsə, yağışın rəngi tündləşir və bu, insanların sağlamlığı üçün risk yarada bilər”.

Ekspert qeyd edib ki, belə çirklənmiş hava kütlələri küləklərin istiqamətindən asılı olaraq min kilometrlərlə məsafəyə yayıla bilər:

“Atmosfer axınları çox geniş əraziləri əhatə edə bilir. Bu səbəbdən Tehranda formalaşan çirklənmiş hava kütlələrinin müəyyən hissəsinin digər ölkələrə doğru hərəkət etməsi mümkündür. Hazırda proqnozlara görə, bu kütlələr əsasən Mərkəzi Asiya regionuna, eləcə də Çin, Pakistan və Əfqanıstan istiqamətində yayılma ehtimalına malikdir”.

Telman Zeynolovun sözlərinə görə, belə bir çirklənmənin Azərbaycan ərazisinə təsir edib-etməməsi bir neçə amildən asılıdır:

“Əsas faktor küləklərin istiqaməti və atmosfer sirkulyasiyasıdır. Əgər hava axınları şimal-qərb istiqamətində hərəkət edərsə, müəyyən miqdarda çirklənmiş hissəciklər Azərbaycana da çata bilər. Lakin onların konsentrasiyası çox güman ki, zəifləyəcək. Buna baxmayaraq, belə hallarda xüsusilə allergiyası və tənəffüs sistemi xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdırlar”.

Ekoloq hesab edir ki, regionda davam edən hərbi əməliyyatlar, neft və sənaye obyektlərində baş verən yanğınlar, həmçinin iri şəhərlərdə artan emissiyalar atmosfer çirklənməsinin səviyyəsini daha da yüksəldə bilər. Bu isə gələcəkdə oxşar ekoloji hadisələrin təkrar baş vermə riskini artırır.

Tunar
NOCOMMENT.az

Seçilən
56
nocomment.az

1Mənbələr