AZ

Azərbaycan–İran sərhədində tranzit yükdaşımaları bərpa olundu

Azərbaycan Nazirlər Kabineti 2026‑cı il 5 mart tarixində qərar qəbul etdi ki, Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması (o cümlədən tranzit məqsədilə giriş‑çıxış) müvəqqəti olaraq tam dayandırılsın. Bu gün saat 10:00‑dan etibarən Azərbaycan Nazirlər Kabineti sərhəd üzrə yüklərin (o cümlədən tranzit yüklərin) daşınması üçün giriş‑çıxışın yenidən bərpa olunduğunu elan etdi. Bu bərpa sərhəd‑keçid məntəqələrində bütün növ yük nəqliyyat vasitələri üçün həyata keçirilib. Bu addımın Azərbaycan iqtisadiyyatına mümkün təsirləri, həmçinin qərarın iqtisadi və siyasi nəticələri maraq doğurur. Mövzu ilə bağlı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib. 

O bildirib ki, logistika, yüklər, nəqliyyat tranzitləri və yük daşımaq üçün əhəmiyyətli magistral əlaqələr, dövlətlər arasında yaranan magistral əlaqələr və sərhəd-keçid imkanlarının yaradılması quru yolu ilə həyata keçirilən idxal-ixrac əməliyyatlarının ən mühüm hissəsidir.

İ.Hüseynlinin sözlərinə görə, “Azərbaycanın iqtisadiyyatı və kiçik və orta sahibkarlığa bağlı əsas dövriyyəsi, idxal dövriyyəsi Çindən birbaşa asılıdır və Çin üzərindən Azərbaycana quru yolla idxal olunan istehlak mallarının demək olar ki, əksəriyyəti İran üzərindən daşınır, idxal olunur".

İ.Hüseynli əlavə edib ki, bu yükdaşımalar yalnız strateji əhəmiyyətli məhsulların daşınması ilə məhdudlaşmır, həm də istehlak mallarının daşınmasında əsas rol oynayır.

Sədr vurğulayıb ki, Bakı və Naxçıvan arasındakı yükdaşıma əlaqələrinin quru yollar vasitəsilə dinamikasının pozulması Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər. “Əgər Naxçıvan üzərindən sərhəd bağlanarsa və tranzitə imkan yaradılmasa, birbaşa bizim Naxçıvana olan yükdaşımalarının nəqlində problem yaranar və bu baxımdan Azərbaycanın iqtisadiyyatına mənfi təsirləri olan əsas amillərdən biri kimi qəbul olunmalıdır” – deyə o bildirib.

İlqar Hüseynli bildirib ki, artıq tranzit məqsədilə yükdaşımaların bərpa olunması həmin iqtisadi asılılığın aradan qaldırılmasına səbəb olacaq. Bu, yükdaşımaları və idxal prosesinin imkanlarını artırır və dinamikasını bərpa edir, bu baxımdan Azərbaycanın iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

Sədr əlavə edib ki, qarşıdakı illərdə Zəngəzur dəhlizinin açılması ilə quru yollarla yükdaşıma və idxal-ixrac proseslərində əngəllərin aradan qalxması gözlənilir. “Ermənistan da bu işdə siyasi iradəsini ortaya qoyub. Hər hansı bir fors major situasiyalar yaranmasa, Zəngəzur dəhlizi açıldıqdan sonra quru yollarla yükdaşımalar və idxal-ixrac prosesi üçün əngəllər aradan qalxacaq" – deyə Hüseynli bildirib.

O həmçinin vurğulayıb ki, Çinlə yanaşı, İran üzərindən Türkiyədən və Gürcüstandan gələn istehlak malları da daşınır. Bu baxımdan, Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra İranın tranzit rolu ikinci plana keçəcək və bu, Azərbaycanın iqtisadi imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Fatimə Nəbiyeva

Seçilən
82
qht.az

1Mənbələr